ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində “Fox News” telekanalına aid videonun linkini paylaşıb. Videoda hakimiyyət dəyişikliyindən sonra Trampın İrana səfər edə biləcəyi ehtimalı səsləndirilir.


 


Görüntülərdə siyasi analitik Mark Tissen aparıcı Mark Levinə açıqlamasında bildirib:


 


“Trampın Ağ Evi tərk etməzdən əvvəl azad İran, azad Kuba və azad Venesuelaya səfər edəcəyini proqnozlaşdırıram”.


 


Bu kontekstdə “azad İran” tezisi nəyi ifadə edir?


 


Ümumilikdə isə Donald Trampın İrana mümkün səfəri nə dərəcədə real görünür?


 


Suallarımızı cavablandıran politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, burada ifadə edilən “azad İran”, eləcə də “azad Kuba” və ya “azad Venesuela” ifadələri ənənəvi azadlıq anlayışından daha çox ABŞ-nin bu ölkələri görmək istədiyi obrazı ifadə edir:


 



 


“Daha dəqiq desək, Amerika bu ölkələrə mümkün təsir mexanizmləri əldə etməyə çalışır. Bunu isə ənənəvi ritorikadan çıxış edərək demokratiya və azadlıq anlayışları ilə ifadə edir. Çünki bu günə qədər ABŞ-nin “azadlıq gətirdiyini” iddia etdiyi heç bir ölkədə sabitlik və inkişaf bərqərar olmayıb”.


 


Politoloq qeyd edib ki, nəticə etibarilə, İran ilə bağlı ehtimal oluna biləcək situasiya da fərqli deyil:


 


“Lakin bu ehtimalın yaxın zamanda İranda reallaşa biləcəyini düşünmürəm. Nəticə etibarilə, Trampın İrana mümkün səfəri ilə bağlı səsləndirilən fikirlər də bir qədər reallıqdan uzaq yanaşma hesab oluna bilər”.


 


Niyaz Hacıyev


Sfera.az