ABŞ Qrenlandiyanı yeni bir dövlətə çevirməyi planlaşdırmır, lakin ərazi ilə ittifaq münasibətlərində qalmaq niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə “CNN” ABŞ Prezidenti Donald Trampın adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.
“Biz onlardan dövlət yaratmaq istəmirik. Onlarla ittifaqda olmaq istəyirikmi? Əlbəttə”, – deyə telekanal mənbənin sözlərini sitat gətirib.
“CNN”-in bildirdiyinə görə, Trampın komandasında ümumilikdə ABŞ-nin ada üzərində nəzarəti ələ keçirməli olduğu fikri mövcuddur. Lakin prezidentin müşavirləri bu məqsədə necə nail olunacağı məsələsində hələ də ortaq mövqeyə gələ bilməyiblər. Bununla belə, komandadakı bir çox şəxslər hərbi üsullardansa tarif təhdidlərindən istifadə edilməsini daha məqsədəuyğun hesab edirlər.
Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, ilk prezidentlik müddətində adanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə Qrenlandiyanın ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller də daha əvvəl Danimarkanın ada üzərində nəzarət hüququnu şübhə altına almışdı.
Qeyd edək ki, Qrenlandiya hazırda Danimarkanın muxtar ərazisi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsində adanın müdafiəsi ilə bağlı ayrıca müqavilə imzalayıblar. Həmin razılaşmaya əsasən, ABŞ Qrenlandiyanı mümkün xarici təcavüzdən qorumağı öhdəsinə götürüb.
Niyaz Hacıyev
Sfera.az