Qış aylarında havaların kəskin soyuması və qar yağışı orqanizmin enerji ehtiyacını artırır.
Sfera.az xəbər verir ki, bu dövrdə düzgün qidalanma immun sisteminin güclənməsində və xəstəliklərdən qorunmada mühüm rol oynayır. Soyuq havalarda bədən istiliyini qorumaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən rasionda mürəkkəb karbohidratlar, tam buğda çörəyi, yulaf, qarabaşaq və düyü kimi məhsullar üstünlük təşkil etməlidir. Bu qidalar orqanizmi uzun müddət tox saxlayır və enerji balansını qoruyur.
Qış mövsümündə zülalla zəngin qidalar, toyuq əti, balıq, yumurta, paxlalılar və süd məhsulları immun sistemini gücləndirir. Xüsusilə isti şorbalar həm toxluq hissi yaradır, həm də orqanizmi soyuqdan qoruyur. Günəş şüalarının azalması D vitamini çatışmazlığına səbəb ola bilər. Bu baxımdan balıq, yumurta və süd məhsullarının qəbulu tövsiyə olunur.
Eyni zamanda C vitamini ilə zəngin olan sitrus meyvələri, kivi, kələm və göyərti soyuqdəymə riskini azaldır. Qışda isti çaylar və bitki dəmləmələri faydalı olsa da, şəkərli içkilərdən və həddindən artıq kofeindən uzaq durmaq lazımdır. Bol su içmək isə ilin bütün fəsillərində olduğu kimi qışda da vacibdir. Yağlı və ağır qidalardan uzaq durmaq tövsiyə olunur Soyuq havalarda yağlı və həddindən artıq kalorili qidalara meyl artsa da, bu cür məhsullar həzm sistemini yükləyir və çəki artımına səbəb ola bilər. Daha çox sobada və ya qaynadılmış yeməklərə üstünlük verilməsi məsləhət görülür.
Qış aylarında balanslı və düzgün qidalanma həm fiziki dözümlülüyü artırır, həm də mövsümi xəstəliklərdən qorunmağa kömək edir. Qarlı və soyuq havalarda sağlam qalmağın əsas şərti rasionu mövsümə uyğun tənzimləməkdir.
Niyaz Hacıyev
Sfera.az