ABŞ-nin Yuta ştatında yaşayan 33 yaşlı Stiven Çeyz ümumi anesteziyadan ayıldıqdan sonra gündəlik həyatda demək olar ki, bilmədiyi ispan dilində səlis danışmağa başlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “Dangerous Minds” nəşri məlumat yayıb. Çeyzin sözlərinə görə, bu qeyri-adi hal ilk dəfədi baş vermir. Belə ki, onun 19 yaşı olarkən də eyni hadisə yaşaşnıb. Cərrahi əməliyyatdan sonra özünə gələn gənc qəfil şəkildə tibb işçilərinin suallarına ispan dilində cavab verməyə başlayıb. Maraqlısı odur ki, sonrakı əməliyyatlar zamanı da eyni vəziyyət təkrarlanıb. ABŞ sakini bildirib ki, tibb bacıları onun vəziyyəti, ağrı səviyyəsi və ümumi halı ilə bağlı standart suallar ünvanlayıblar, o isə avtomatik olaraq ispan dilində cavab verib. Çeyz hesab edir ki, bu bacarıq uşaqlıq dövründə şüuraltı şəkildə formalaşa bilər.


 


Belə ki, o, tez-tez ən yaxın dostunun evində olub və həmin ailədə ispan dili danışılıb. Həmin dövrdə sözləri tam anlamasa da, beynin dilin səslərini və strukturlarını yadda saxlaması ehtimal edilir. Mütəxəssislərin “xarici dil sindromu” adlandırdığı bu nadir hal adətən uzunmüddətli olmur və bir saatdan artıq davam etmir. Həkimlər vəziyyəti anesteziya, baş-beyin zədəsi və ya güclü stress nəticəsində beyin funksiyalarında baş verən müvəqqəti dəyişikliklərlə əlaqələndirirlər.


 


Firuzə Əliyeva


Sfera.az