Günəşdə baş verən güclü partlayışdan sonra yaranan fırtına Yer kürəsinə çatıb. Alimlər gözlənilməz qütb parıltıları və GPS sistemlərində ciddi problemlər ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Sfera.az xəbər verir ki, fırtına nəticəsində Şimal işıqları (qütb parıltısı) adətən müşahidə olunmadığı bölgələrdə də görünə bilər.
Eyni zamanda, peyk əsaslı rabitə şəbəkələrində və GPS sistemlərində nasazlıqların yaranma ehtimalı yüksəkdir.
ABŞ Milli Hava Xidmətinin Kosmik Hava Proqnozu Mərkəzi (SWPC) hadisəni 5 dərəcəli şkalada 4 səviyyəli günəş fırtınası kimi qiymətləndirib. Mərkəz bildirib ki, bu intensivlikdə günəş fırtınası sonuncu dəfə 2003-cü ilin oktyabr ayında qeydə alınıb və hazırkı hadisə son 20 ilin ən güclülərindən biri hesab olunur.
Xatırladaq ki, 2003-cü ildə baş verən oxşar fırtına zamanı bir sıra ciddi problemlər yaşanmışdı. İsveçdə elektrik enerjisinin verilişində kəsintilər qeydə alınmış, Cənubi Afrikada isə transformatorlar zədələnmişdi.
Mütəxəssislərin fikrincə, bu tip güclü günəş fırtınaları xüsusilə kosmik missiyalara, aviasiya sektoruna və peyk əməliyyatlarına mənfi təsir göstərir. Qütb marşrutları ilə uçan sərnişin təyyarələri və aşağı Yer orbitində olan astronavtlar üçün radiasiya riski də artır.
SWPC aviaşirkətləri, NASA, ABŞ Federal Aviasiya Administrasiyası (FAA), Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) və elektrik şəbəkəsi operatorlarını mümkün fəsadlara qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb.
Alimlər həmçinin bildiriblər ki, yaxın günlərdə aktiv günəş ləkəsi bölgəsindən yeni alovlanmaların baş vermə ehtimalı yüksəkdir və bu alovlanmaların Yer istiqamətində yönələ biləcəyi istisna olunmur.
Bəsti Rəfizadə
Sfera.az