Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Qəzza sülh şurası" formalaşdırılıb. “Sülh Şurası” Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında münaqişənin nizamlanması, humanitar vəziyyətin yaxşılaşdırılması və mümkün siyasi həll mexanizmlərinin müzakirəsi üçün nəzərdə tutulub.
Şuraya bir sıra ölkə liderlərinin və hökumət başçılarının dəvət olunduğu bildirilir.
Bunlar arasında Rusiya, Çin, Özbəkistan və Ermənistan da var. Qeyd edək ki, dəvət etməklə yanaşı, üzv olan ölkələr bir milyard dollar vəsait ayrılmalıdır.
Bəs Azərbaycan “Sülh Şurası”na üzv ola bilərmi?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsdullazadənin fikrincə, Tramp beynəlxalq bir platforma yaradır və özü sədr olaraq bir növ sülh təşəbbüskarı kimi özünü təqdim edir, həmçinin ABŞ beynəlxalq mövqelərini gücləndirir.
Onun sözlərinə görə, Trampın Azərbaycanı da “Sülh Şurası”na dəvət etməsi istisna deyil. Davosda Trampın prezident İlham Əliyevlə görüşüb şəxsən dəvət etməsi mümkündür.
Politoloq qeyd edib ki, Qəzza Sülh Şurasına üzv olmaq Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına təkan verəcək:
“Azərbaycan Qəzzaya hərbçi göndərməkdən imtina etmişdi. Azərbaycan ABŞ prezidentinin bu təklifinə "yox" deməz. ABŞ beynəlxalq oyun qaydalarını özü müəyyən etmək istiqamətində ardıcıl işlər aparır”.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Ertəsi gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Firuzə Əliyeva
Sfera.az