Danimarka tərəfindən Qrenlandiyada bir neçə NATO ölkəsindən olan hərbi kontingentlərin iştirakı ilə “Arktika Dözümlülüyü Əməliyyatı” adlı təlimlərə start verilib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərin əsas məqsədi adada yerləşən vacib infrastruktur obyektlərinin mühafizəsinin praktiki şəkildə sınaqdan keçirilməsidir.


 


Krallığın Arktika bölgəsi üzrə komandanı, general-mayor Sören Andersen bildirib ki, hazırda Qrenlandiya üçün hər hansı bir hərbi təhlükə mövcud deyil. Onun sözlərinə görə, NATO daxilində bir ölkənin digər NATO ölkəsinə hücum etməsi real görünmür.


 


“Hazırda Qrenlandiya üçün heç bir hərbi təhdid yoxdur. Mən heç bir NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücum etdiyini görmürəm. Sadəcə olaraq, bunu mümkün hesab etmirəm. Biz Nuuk və Kangerlussuaqda yerləşən vacib infrastrukturu qorumaq məqsədilə təlimlər keçiririk”, – deyə Andersen Qrenlandiyanın Sermitsiaq nəşrinə açıqlamasında bildirib.


 


Qeyd edək ki, NATO-nun Qrenlandiyada son hərbi təlimləri 2025-ci ilin iyul, avqust və sentyabr aylarında baş tutub. Hazırkı təlimlər isə əsasən qar, qaranlıq və sərt iqlim şəraiti daxil olmaqla müxtəlif hava şərtlərində əməliyyatların icrasına fokuslanır.


 


Andersenin sözlərinə görə, məşq proqramı əvvəlki təlimlərlə oxşardır, lakin bu dəfə “Arktika Dözümlülüyü” əməliyyatı daha uzun müddət davam edəcək.


 


Fidan Hacızadə

Sfera.az