Son günlər Azərbaycanın cənub bölgəsinə fasiləsiz yağan qar Lənkəran rayonunun ərazisində də problemlər yaradıb. Davamlı yağan qar rayon ərazisində olan əsas yolların qalın qar təbəqəsi ilə örtülməsinə səbəb olub.
Sfera.az xəbər verir ki, əsas yolların qarla örtülməsi nəqliyyatın hərəkətini çətinləşdirib.
Lənkəran rayon ərazisindən keçən yeni avtomobil yolunda da hərəkət çətinliyi var. Rayon yollarında qar təmizləmə işlərinin aparılmaması sürücülərin narazılığına səbəb olur.
Rayon ərazisindəki yollardan istifadə edən sürücülərin verdiyi məlumata görə, son günlər müşahidə olunan qarlı hava şəraitinə baxmayaraq, yeni salınan yolun təmizlənməsi üçün hər hansı texnika cəlb olunmayıb. Nəticədə avtomobillərin hərəkəti çətinləşib, sürüşmə və yol-nəqliyyat hadisəsi riski artıb.
Yeni yolun uzun məsafəni əhatə etməsi və rayon üçün mühüm nəqliyyat xətti olması vəziyyəti daha da problemli edir.
Sürücülər aidiyyəti qurumlardan yolun operativ şəkildə qardan təmizlənməsini, təhlükəsizliyin təmin olunmasını tələb edirlər.
Bəsti Rəfizadə
Sfera.az