Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və partiyası iyunda keçiriləcək parlament seçkilərində iştirak etməyə bilər.


 


Sual yaranır: Serj Sarkisyan niyə seçkilərdə iştirak etmək istəmir və onun qərarı müxalif cəbhədə boşluq yaradacaqmı?


 


Sualımızı cavablandıran politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Robert Köçəryan və Serj Sarkisyan Ermənistanın müasir tarixinə dövlətçilik maraqlarını deyil, klan mənfəətlərini üstün tutan, ölkəni həm daxildə, həm də xaricdə rəzalətə sürükləyən iki mənfi sima kimi həkk olunublar.


 



 


Politoloqun sözlərinə görə, onların onilliklər boyu davam edən idarəçiliyi Ermənistan üçün itirilmiş imkanlar, dərinləşən korrupsiya və nəticədə qaçılmaz hərbi-siyasi iflas dövrüdür:


 


“Talançı "Qarabağ Klanı"nın memarları kimi, onlar ölkəni bir növ "şəxsi mülk"ə çevirdilər, iqtisadiyyatın inkişafını bloklayaraq bir neçə oliqarx və eks-prezidentlərin ailə üzvlərinin nəzarətinə keçməsinə səbəb oldular. Hər iki şəxs Azərbaycan torpaqlarının işğalında və dinc əhalinin qətlə yetirilməsində birbaşa iştirak edib, daxili siyasətdə zorakılıq və qan tökməkdən çəkinməyib, ordunun və gələcəyin məhvinə səbəb olublar”.


 


Müsahibimiz vurğulayıb ki, hazırda hər ikisinin yenidən siyasi iddiada olması Ermənistan cəmiyyəti üçün təhqirdir:


 


“Onlar müxalifət adından çıxış etsələr də, əslində sağlam siyasi rəqabətin yaranmasına ən böyük maneədirlər. Xalqın 60%-dən çoxunun nifrət etdiyi bu şəxslər sadəcə öz cinayətlərinin hüquqi hesabından yayınmaq üçün siyasi manipulyasiyalarla məşğuldurlar. Bu gün həm Köçəryan, həm də Sərkisyan tarixin zibilxanasına atılmalı olan fiqurlardır – onların siyasətdə qalma cəhdi Ermənistanı daha da uçuruma aparır və regionda sülhün qarşısında duran əsas ideoloji əngəllərdən biridir".


 


Niyaz Hacıyev


Sfera.az