Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Fələstin dövlətinin yaradılması ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” təşəbbüsü kontekstində aktual olaraq qalır.
Bəs görəsən bu təşəbbüsün Yaxın Şərqdə sülh prosesinə təsiri nə ola bilər?
Politoloq Kazım Kazımov Sfera.az-a açıqlamasında bildirib ki, hər şeydən əvvəl onu demək lazımdır ki, Fələstin dövlət kimi mövcuddur.
Onun sözlərinə görə, ABŞ Fələstini bir dövlət olaraq tanımadığı üçün belə mürəkkəb bir prosesə addım atıb:
“Halbuki dünyanın yüzlərlə ölkəsi Fələstini dövlət olaraq tanıyır və Azərbaycan da bu ölkələrdən biridir. Hesab edirəm ki, əsas məsələ İsrail və Fələstin arasında münaqişəyə fokuslanmaqdır. Fələstinin mövcud olub-olmaması məsələsinə gəldikdə, proses artıq dağılma mərhələsinə daxil olur. Onsuz da var olan bir dövlətin varlığı sual altına qoyulduqda, proses daha da mürəkkəbləşir və çıxılmaz vəziyyət alır. Lakin nəticə etibarilə Trampın təşəbbüsü ən azından HƏMAS və İsrail arasında qanlı müharibənin dayandırılmasına səbəb olub. Bu gün Qəzzada uşaqlar həlak olmur, raketlər atılmır, bombardmanlar davam etmir və qarşılıqlı hücumlar təşkil olunmur. Bu təşəbbüs bölgədə nisbi sakitlik yaradıb”.
Politoloq eyni zamanda, Qəzzanın uzun müddət blokada şəraitində olduğunu xatırladıb:
“Trampın təşəbbüsü nəticəsində Qəzzanın nisbətən blokadadan çıxmasına və Misirlə sərhəddən humanitar yardımların daxil olmasına şərait yaradılıb. Beləliklə, Qəzzada zəif də olsa, yenidən dirçəliş prosesi başlayıb. Lakin bu sülhün nə qədər davamlı olacağı şübhə altındadır. Ola bilsin ki, Tramp hakimiyyətdən gedənə qədər bu məsələ ilə bağlı konkret nəticə əldə edilsin. Yaxud heç bir nəticə olmayacaq və Tramp hakimiyyəti tərk etdikdən sonra, xüsusilə demokratlar yenidən toqquşmalara başlaya bilərlər. Buna baxmayaraq, Trampın bu məsələni aktual olaraq gündəmdə saxlaması və müxtəlif ölkələrlə müzakirə etməsi onu göstərir ki, ABŞ indi Fələstin-İsrail münaqişəsi ilə bağlı aktiv şəkildə çalışır”.
Niyaz Hacıyev
Sfera.az