Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda İran rəsmilərinin ABŞ ilə bağlı səsləndirdiyi sərt bəyanatlar diqqət çəkməkdə davam edir. Vaşinqtonun İrana qarşı mümkün hərbi addımları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Bu kontekstdə İran parlamentinin sədr müavini Mehdi Məhəmmədinin açıqlaması regionda geniş rezonans doğurub. İran parlamentinin sədr müavini Mehdi Məhəmmədi bildirib ki, ABŞ-nin İrana hər hansı hərbi müdaxiləsi qaçılmaz olaraq genişmiqyaslı müharibəyə səbəb olacaq.
Onun sözlərinə görə, ABŞ-nin tez-tez istifadə etdiyi “məhdud zərbə” anlayışı praktikada mövcud deyil və İrana endiriləcək istənilən zərbə uzunmüddətli, nəzarətdən çıxan hərbi qarşıdurmaya çevrilə bilər. Mehdi Məhəmmədi qeyd edib ki, belə bir müharibənin miqyası təkcə İranın deyil, ümumilikdə region ölkələrinin təhlükəsizliyini risk altına qoya bilər.
Bəs beynəlxalq hərbi terminologiyada “məhdud zərbə” anlayışı nəyi ifadə edir? İranın xəbərdarlıq etdiyi “genişmiqyaslı müharibə” ssenarisi hansı ölkələri və hansı coğrafiyanı əhatə edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, ABŞ-nin İrana qarşı quru qoşunları ilə hərbi əməliyyata başlaması münaqişəni uzunmüddətli və idarəolunmaz mərhələyə keçirə bilər.
Onun sözlərinə görə, ABŞ-nin son onilliklərdəki hərbi təcrübəsi bunu açıq şəkildə sübut edir:
“İraq və Əfqanıstan ssenarilərində də eyni mənzərəni gördük. ABŞ quru qoşunları ilə bu ölkələrə daxil oldu, nisbətən asanlıqla paytaxtları nəzarətə götürdü. Lakin bundan sonra müharibə uzunmüddətli və ağır partizan savaşına çevrildi. ABŞ bunu “terrorla mübarizə” adı altında təqdim etsə də, nəticədə Əfqanıstandan qalib çıxmadı, İraqda isə tam və qəti qələbə əldə edə bilmədi. İran isə bu ölkələrlə müqayisədə daha böyük əraziyə, daha güclü orduya və möhkəm ideoloji bazaya malik dövlətdir. Bu amillər ABŞ üçün İranı daha təhlükəli və daha dərin bir bataqlığa çevirə bilər”.
Politoloq vurğulayıb ki, ABŞ bu reallıqları yaxşı anlayır və yeni bir uzunmüddətli müharibəyə başlamaqda maraqlı görünmür:
“ABŞ də bilir ki, İranla müharibə əvvəlkilərdən qat-qat ağır olar. Buna görə də Vaşinqtonun açıq quru əməliyyatına getməsi inandırıcı deyil. İran isə cavab olaraq ABŞ-nin regiondakı hərbi bazalarını – Səudiyyə Ərəbistanında, Qətərdə, hətta Türkiyədə yerləşən obyektləri hədəf ala biləcəyi ilə hədələyir. Lakin bu cür addımlar İranın öz ziyanına da işləyə bilər”.
Əhəd Məmmədli regional müharibə riskindən də söz açıb:
“Əgər ABŞ İrana qoşun yeritsə və İran cavab olaraq Türkiyə ərazisindəki obyektləri vursa, Türkiyə də cavabsız qalmaz. Bu halda İran eyni vaxtda iki cəbhədə müharibə aparmaq məcburiyyətində qalacaq ki, bu da faktiki olaraq özünəqəsd deməkdir. İran rəsmiləri hədə-qorxu gəlməkdə ustadırlar. Bu cür açıqlamaları biz illərdir eşidirik və gələcəkdə də eşidəcəyik”.
Politoloqun fikrincə, raket zərbələri və məhdud hava hücumları tammiqyaslı müharibə anlayışına uyğun deyil:
“Hazırda dünya Ukrayna-Rusiya müharibəsinə fokuslanıb. Digər tərəfdən, ABŞ və onun müttəfiqləri indiyədək bir sıra Yaxın Şərq ölkələrinə raket və hava zərbələri endiriblər. Bu isə klassik mənada müharibə sayılmır. Müharibə dedikdə əsasən quru əməliyyatları və genişmiqyaslı hərbi işğal nəzərdə tutulur. ABŞ “gələrəm” deyir, İran da “gəlib görərsən” cavabını verir. Bu ritorika uzun müddətdir davam edir”.
Firuzə Əliyeva
Sfera.az