Son aylarda Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların intensivləşdiyi müşahidə olunur. Yanacaq satışı, tranzit imkanlarının yaradılması, eləcə də həbsdə olan şəxslərin bir hissəsinin azad edilməsi bu prosesə nümunə kimi göstərilə bilər.




2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Əgər seçkilərdə hazırki Baş nazir Nikol Paşinyan uğur qazanarsa Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum da keçiriləcək.  




Maraqlıdır, bu cür razılaşmalar seçki öncəsində Paşinyan hökumətinin nüfuzuna necə təsir edir?


 


Sfera.az-a mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, 8 avqust 2025-ci il Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesi intensiv xarakter alıb:


 



 


“Bu sırada tərəflər arasında ikitərəfli görüşlər, komissiyaların iclasları, o cümlədən xarici işlər nazirlərinin görüşləri ilə yanaşı, Azərbaycanda Ermənistana qarşı tətbiq olunmuş tranzit məhdudiyyətlərinin aradan qaldırılması, ardınca Qazaxıstan üzərindən Rusiyadan Ermənistana taxılın göndərilməsi və bunun davamında Azərbaycan neft məhsullarının, yanacaq məhsullarının Ermənistana ixracı münasibətlərin normallaşması istiqamətində atılan vacib addımlar kateqoriyasına aiddir. Belə ki, məhz Azərbaycanın göndərdiyi yanacaq materialları Ermənistanın yanacaq bazarında 15 faizə yaxın ucuzlaşmaya səbəb olub. Bu isə həm Ermənistan vətəndaşları, həm də ölkə iqtisadiyyatı üçün mühüm faktdır”.


 


Politoloqun sözlərinə görə, bunun ardınca hərbi cinayətlərdə ittiham olunan 4 nəfər şəxsin Ermənistana qaytarılması Azərbaycanın humanitar jesti və münasibətlərin normallaşması istiqamətində prinsipial mövqeyini nümayiş etdirir:


 


“Bütün bunlar iki tərəf arasında münasibətlərin normallaşmasına müsbət təsir edən faktorlardır və məhz bu amillər Ermənistanda seçki öncəsi Paşinyanın mövqelərini gücləndirir. Bir daha qeyd etmək istəyirəm ki, kommunikasiyaların müəyyən formada açılması, Azərbaycan–Ermənistan arasında ticarətin başlanması, Azərbaycan enerji daşıyıcılarının və məhsullarının Ermənistana ixracı İrəvan bazarında ucuzlaşmaya gətirib çıxarıb. Bu isə vətəndaşların rifahına müsbət təsir göstərir və təbii ki, bu amillər Paşinyanın həm özünün, həm də partiyasının ictimai rəydə mövqeyini gücləndirən, seçki qabağı ona dividendlər qazandıran faktorlardır.


Yəni, bütün bunlar Paşinyanın maraqları ilə üst-üstə düşür və seçki öncəsi onun mövqelərini möhkəmləndirən addımlar kimi qiymətləndirilə bilər”.


 


Fidan Hacızadə

Sfera.az