Suriyanın YPG-nin nəzarəti altında olan əraziləri demək olar ki, Suriya ordusu tərəfindən azad edilib. Hazırda kürd birliklərinin nəzarəti altında kiçik bir hissə qalıb.




Açıqlamalardan görünür ki, azad edilmə prosesinin sürətlə və ciddi itki vermədən tamamlanmasında ABŞ-nin də rolu var. ABŞ-nin siyasi mövqeyi ərazilərin mərkəzi hökumətin nəzarətinə keçməsinə imkan yaradıb. 




Bəs ABŞ kürdlərə dəstəyini niyə dayandırdı? Bu hansısa bir razılaşmanın nəticəsidir?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, ABŞ-nin Yaxın Şərq siyasətində müəyyən dəyişikliklər baş verməyə başlayıb:


 





“Təbii ki, bu dəyişikliklər sırasında Suriyaya doğru atılan addımlarda da fərqli yanaşmalar müşahidə olunur. İlk növbədə Tramp administrasiyası özünü dünyada sülhpərvər və dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən bir ölkə kimi tanıtmaq üçün müəyyən addımlar atır. Eyni zamanda bu proseslər qlobal miqyasda dövlətlərarası siyasi bazarlığın tərkib hissəsidir. Suriyadakı proseslər hazırda əsasən Türkiyənin nəzarətindədir və Tramp administrasiyası Suriya ilə bağlı məsələləri ilk növbədə Türkiyə ilə razılaşdırmağa çalışır. Ağ Evdə çox dəqiq şəkildə bilirlər ki, PKK-nın Suriya qolu olan YPG Türkiyə üçün ciddi təhlükəsizlik problemidir və rəsmi Ankara bu terror təşkilatının mövcudluğunun sona çatdırılmasında israrlıdır. Böyük ehtimalla Türkiyə ilə əldə olunan müəyyən anlaşma çərçivəsində PKK-nın Suriya qolu olan YPG-nin sıradan çıxarılmasına razılıq verilib. Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni zamanda ABŞ prezidentinin Suriya üzrə nümayəndəsi Barrak da bu məsələyə münasibət bildirib. O qeyd edib ki, YPG Suriyada İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılıb və hazırda bu terror təşkilatının, yəni YPG-nin missiyası artıq başa çatıb. Ona görə də bu təşkilatın mövcudluğuna ciddi ehtiyac qalmayıb”.




Ekspertin fikrincə, ABŞ YPG terror təşkilatını himayə etməkdən geri çəkilir və artıq onu dəstəkləmək niyyətində deyil:




“Bu səbəbdən də faktiki olaraq YPG üçün seçim zamanı gəlib. Ya onlar təslim olacaq, silahlarını təhvil verərək Suriya dövlətinə inteqrasiya olunacaqlar, ya da Suriya ordusu YPG-ni döyüş meydanında sıradan çıxaracaq. Artıq YPG-nin ciddi itkiləri var. Bu itkilər həm ərazi, həm canlı qüvvə, həm də hərbi texnika baxımından özünü göstərir. Eyni zamanda mövqe itkiləri də kifayət qədər ciddi xarakter alıb. YPG-nin Suriyadakı təsiri və bölgədə nəzarət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Amerika Birləşmiş Ştatlarının nümayəndələri ilə Suriyanın yeni hökuməti arasında keçirilmiş görüşdə də YPG ilə bağlı prinsipial mövqedən çıxış etmək qərara alınıb. ABŞ Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bununla da YPG-nin gələcək taleyinin müəyyən olunması prosesi faktiki olaraq yekunlaşıb. Bu isə o deməkdir ki, YPG Suriya dövlətinin tələblərini yerinə yetirməlidir, əks halda Suriya ordusu bu qurumu sıradan çıxaracaq. ABŞ-nin YPG-ni himayə etməkdən imtina etməsinin və eyni zamanda YPG-nin sıradan çıxarılması prosesinin başlanmasının əsas səbəbi ondan ibarətdir ki, bu terror təşkilatının öz missiyasını başa çatdırdığı hesab olunur. İŞİD-lə mübarizə mərhələsinin sona yaxınlaşması fonunda YPG-yə artıq ehtiyac qalmayıb və bu təşkilatın ləğvi üçün Suriya dövlətinə, eyni zamanda Türkiyəyə müəyyən razılıq verilib”.




Bəsti Rəfizadə

Sfera.az