ABŞ Konqresinin respublikaçı üzvü Co Vilson deyib ki müharibə cinayətkarı Putin və terrorçu Xamenei mədəni dünya üçün xərçəngdir. Bu təhlükəli xəstəlik düzgün və qətiyyətli addımlarla nəzarətə alına bilər, onun yayılmasına icazə verilməməlidir.
Bundan başqa, o bildirib ki, cəsur iranlılar küçə, ev və hətta xəstəxanalarda terrorçu rejimin əli ilə qətlə yetirilirlər.
Açıq şəkildə ABŞ və İsrailə “ölüm” şüarları səsləndirən “bu rejim dayandırılmalıdır” deyən Xamenei üçün sanksiyaların genişlənməsi gündəmə gələ bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, Xameneinin sadəcə xarici ölkəyə səfərinə qadağa qoyula, çıxdığı təqdirdə həbs olunması mümkün ola bilər. Ekspert İran ali liderinin 80-ci illərdən ölkəni tərk etmədiyini də xatırladıb:
“İran 11 ildən çoxdur ki, sanksiyalar altındadır və buna tab gətirə bilir. Eləcə də Rusiya da 11 ildir ki, sanksiyalarla üzləşir. Belə açıqlamalar immitasiya xarakteri daşıyır. Co Vilson belə deyir, amma onun ölkəsinin rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimr Putini “Sülh Şura”sına dəvət edir. Bu bütün şübhəli məqamların ortaya çıxması və suallara aydınlıq gətirilməsi deməkdir. “Sülh Şurası”nda yer ala biləcək ölkələr aşağı-yuxarı məlumdur. Ukrayna hücumdan sonra bütün dünyaya çıxışı faktiki olaraq qadağan olunan, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında qərar çıxarılan, yəni hər hansısa ölkəyə səfər edərsə, həbs olunacağı bəyan edilən Putin artıq dünyaya gedişini Tramp tərəfindən açmaqdadır. Tramp Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını rədd edib, Ukraynada işğalçı müharibə aparan bir gücün rəhbərini yaratdığı “Sülh Şurası”na dəvət etməklə dünyaya meydan oxuyur. Belə açıqlamalar əhəmiyyətsizdir. Bundan sonra da belə şeylərlə qarşılaşacayıq”.
Politoloq qeyd edib ki, bu açıqlamada yeganə doğru məqam cəsur iranlıların olmasıdır: "Cəsur iranlılar vardı, lakin onların sıradan çıxarılmasında Tramp başda olmaqla, bütün dünya göz yumdu".
Firuzə Əliyeva
Sfera.az