Avtomobilləri qış mövsümünə hazırlamaq vacibdir. Bu, yalnız təhlükəsiz sürüş üçün deyil, həm də avtomobilin uzunömürlülüyünü təmin etmək üçündür.


 


Bəs görəsən avtomobilləri qışa necə hazırlamaq lazımdır? Sürüşmələrin olması, sürücülərin hazırlıqsız olmasının nəticəsidir?


 


Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, problem havada yox, avtomobillərin qışa hazırlıqsız olmasındadır. Onun sözlərinə görə, Azərbaycan sürücüləri bildirir ki, Bakıda qar nadir hallarda yağır və bir-iki gün davam edir:


 



 


“Bu zaman çoxları maşın sürmür, amma problem ondadır ki, sürücülər gec ayılır və tələsik hərəkət edirlər. İndi qış təkərinə tələb artıb, amma onu tapmaq çətindir, çünki tədarük dekabrdan başlayır. Yəni sürücü qış təkəri almaq istəyəndə çox vaxt istədiyini tapa bilmir. Digər avtomobillər isə yolun kənarında xarab qalır”.


 


Ekspert qeyd edib ki, normal antifriz, yəni soyuducu maye düzgün seçilməlidir, bu, mühərrik yağından da vacibdir:


 


“İnsanlar su ilə sürməyə öyrəşib, nəticədə fəsadlar baş verir. Keyfiyyətsiz antifriz radiatoru zədələyir, ərp bağlayır və sistemi tuta bilər. Şaxtalı havada antifriz çox önəmlidir, çünki su ilə işləyən radiatorlar partlaya bilər, radiator dəyişdirilməli və bütün sistem yuyulmalıdır. Bu səbəbdən avtomobilin ümumi qış hazırlığı görməsi mütləqdir”.


 


Niyaz Hacıyev


Sfera.az