2025-ci ildə Azərbaycanda 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2024-cü illə müqayisədə 0,9 % çoxdur. 


 




Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 1,5 % artaraq 6 milyard 748,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib. 


 


Qeyd edək ki, ötən il kənd təsərrüfatı mallarının istehsalında artım sürəti əvvəlki illərlə müqayisədə xeyli zəifdir. Azərbaycanda əvvəlki dövrlərdə hər il aqrar sektorda istehsal 4-6 faiz intervalında artırdı. 




Bəs ötən il artımın bu qədər zəifləməsi nə ilə bağlıdır?




Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli səbəblərin çoxşaxəli olduğunu deyib:


 



 


“Kənd təsərrüfatı ilə məşğul olan insanların sayının azalması, əhalinin şəhərlərə köçü, kiçik torpaq sahiblərinin və kiçik-orta fermerlərin sayının azalması əsas problemlər sırasındadır. Bununla yanaşı, aqroholdinqlərin bir qisminin qeyri-effektiv fəaliyyət göstərməsi, örüş sahələrinin daralması, su çatışmazlığı və mövcud təşviq proqramlarının yetərli olmaması da vəziyyəti çətinləşdirir”.




İqtisadçı bütün bu amillər kənd təsərrüfatı sektorunda sistemli problemlərin mövcud olduğunu göstərdiyini də qeyd edib:


 


“Eyni zamanda bu, hazırkı idarəetmə mexanizmlərinin və təşviq siyasətinin sahənin real ehtiyaclarını tam qarşılamadığını, daha çevik və effektiv yanaşmalara ehtiyac olduğunu ortaya qoyur”.


 


Fidan Hacızadə

Sfera.az