2015 və 2025-ci illərin yaş qrupları üzrə demoqrafik göstəricilərinin müqayisəsi Azərbaycanda əhali strukturunda ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyur.
Sfera.az xəbər verir ki, statistik məlumatlar ölkədə doğum səviyyəsinin azaldığını, eyni zamanda yaşlı əhalinin payının artdığını göstərir. Məlumatlara əsasən, 0-4 yaş qrupunda ciddi azalma qeydə alınıb. Belə ki, 2015-ci ildə bu yaş qrupunda qadınların sayı 394,5 min, kişilərin sayı isə 456,9 min olduğu halda, 2025-ci ildə müvafiq göstəricilər qadınlar üzrə 267,2 minə, kişilər üzrə isə 302,9 minə düşüb.
Bu isə son 10 ildə yeni doğulanların sayında əhəmiyyətli geriləmənin baş verdiyini təsdiqləyir. Oxşar azalma 5-9 və 10-14 yaş qruplarında da müşahidə olunur ki, bu da demoqrafik geriləmənin təkcə son illərlə məhdudlaşmadığını, davamlı xarakter daşıdığını göstərir. Bununla yanaşı, yaşlı əhali qruplarında kəskin artım qeydə alınıb. Xüsusilə 70 yaşdan yuxarı əhali kateqoriyasında artım diqqət çəkir. Əgər 2015-ci ildə 70+ yaş qrupunda qadınların sayı 225,8 min, kişilərin sayı 154,5 min idisə, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 308,7 min və 233,2 min təşkil edib. Artım tendensiyası 60-64 və 65-69 yaş qruplarında da açıq şəkildə görünür. Bu yaş qruplarında həm qadınlar, həm də kişilər üzrə göstəricilər son 10 ildə xeyli yüksəlib.
Bu rəqəmlər Azərbaycanın yaşlanan cəmiyyət mərhələsinə daxil olduğunu göstərir. Doğum səviyyəsinin azalması fonunda yaşlı əhalinin sayının artması gələcəkdə pensiya sistemi, səhiyyə və sosial təminat sahələrində əlavə yük yaradacaq. Eyni zamanda, əmək qabiliyyətli əhalinin azalması iqtisadi fəallığa da təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, mövcud demoqrafik meyillər ailə institutunun gücləndirilməsi, doğumun stimullaşdırılması və yaşlı əhali üçün sosial siyasətin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Firuzə Əliyeva
Sfera.az