Gec yatmağın insan sağlamlığına təkcə qısamüddətli yorğunluq deyil, uzunmüddətli və ciddi fəsadlar yaradır. Bildirilir ki, gecə saatlarında yuxuya getmək bədənin bioloji ritmini pozaraq bir sıra xəstəliklərin yaranma riskini artırır.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, gec yatmaq metabolik proseslərə mənfi təsir göstərir.
Yuxu saatlarının gecikməsi hormon balansını pozur, xüsusilə iştahanı tənzimləyən hormonların fəaliyyətində problemlər yaradır. Nəticədə artıq çəki, qarın piylənməsi və insulin müqaviməti riski yüksəlir. Bu faktorlar isə tip 2 diabetin inkişafına zəmin yaradır.
Həmçinin, gec yatma ürək-damar xəstəlikləri ilə də sıx əlaqəlidir. Nizamlı yuxu rejiminin olmaması qan təzyiqinin yüksəlməsinə, stress hormonlarının artmasına səbəb olur. Uzun müddət davam edən bu hal infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır.
Araşdırmalarda gec yatmağın psixoloji sağlamlığa təsiri də xüsusi vurğulanır. Belə həyat tərzi depressiya, narahatlıq pozuntuları, diqqət və yaddaş problemləri ilə əlaqələndirilir. Gec yatmağa öyrəşən şəxslərdə gün ərzində enerji çatışmazlığı, motivasiya azalması və iş qabiliyyətinin zəifləməsi daha çox müşahidə olunur.
Eyni zamanda, gec yatmaq melatonin hormonunun ifrazını azaldır. Bu hormon həm yuxu keyfiyyəti, həm də immun sisteminin normal fəaliyyəti üçün vacib sayılır. Melatonin səviyyəsinin aşağı düşməsi orqanizmin müdafiə mexanizmlərini zəiflədir və müxtəlif xroniki xəstəliklərin yaranma ehtimalını artırır.
Sağlam həyat üçün yalnız yuxunun müddəti deyil, vaxtı da böyük əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, gecə saat 23:00-dan gec yatmaq bioloji saatın pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
Fidan Hacızadə
Sfera.az