Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı nikbin açıqlamalar verib.
Sfera.az xəbər verir ki, o bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutan “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” adlı panel müzakirəsində danışıb.
Onun sözlərinə görə, regionda yaranmış mövcud vəziyyət iki ölkə üçün yeni imkanlar açır və bu prosesin uğuru əsasən siyasi iradədən asılıdır. Xaçaturyan bildirib ki, gələcək hər iki ölkənin, xüsusilə də liderlərin atacağı addımlardan asılıdır. O, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinin, eləcə də Prezident İlham Əliyevin sülh naminə siyasi cəsarət nümayiş etdirdiyini vurğulayıb.
Panel müzakirəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyini xatırladan Ermənistan prezidenti qeyd edib ki, 30 ildən çoxdur mümkün olmayan bir vəziyyət indi reallığa çevrilib. “İki il, hətta bir il əvvəl belə bir mərhələyə qısa müddətdə çatmaq inanılmaz görünürdü. Bu gün Ermənistan artıq Azərbaycandan malları birbaşa Gürcüstan üzərindən ala bilir. Əminəm ki, yaxın gələcəkdə həmin malları birbaşa Azərbaycan-Ermənistan və Naxçıvan-Ermənistan marşrutu ilə əldə edəcəyimiz gün də gələcək”, - o bildirib.
Xaçaturyan əlavə edib ki, hazırda hər iki ölkə keçmişə deyil, gələcəyə fokuslanıb. Onun sözlərinə görə, tərəflər aydın razılaşmalar və prinsipial mövqelər əsasında hərəkət edir, qarşılıqlı olaraq ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya hörmət prinsiplərini qəbul ediblər. “Sərhədlər açılacaq və zamanla təkcə yüksək səviyyəli siyasi görüşlər deyil, həm də adi vətəndaşların sərhədi keçib ticarət apara biləcəyi davamlı bir proses formalaşacaq”, - Ermənistan prezidenti vurğulayıb.
O, Azərbaycan-Ermənistan əməkdaşlığının təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və dünya üçün də faydalı olacağını bildirib. Xaçaturyan Avropa ilə Asiya arasında əlaqələrin qurulmasında Cənubi Qafqazın ən əlverişli marşrut olduğunu qeyd edərək, bu prosesdə iqtisadi maraqların siyasi maraqlarla üst-üstə düşdüyünü deyib. Ermənistan prezidenti, həmçinin əldə olunan razılaşmaların formalaşmasında beynəlxalq faktorların roluna toxunaraq, bu istiqamətdə ABŞ-nin rolunu da xüsusi qeyd edib.
Firuzə Əliyeva
Sfera.az