“Politico” jurnalının məlumatına görə, ABŞ siyasətində davam edən dəyişiklik Qərbin köklü şəkildə yenidən qurulmasına səbəb ola bilər ki, bu da qlobal güc balansını alt-üst edə bilər.
Belə olduqda sual yaranır: “Politico”nun ABŞ siyasətindəki dəyişikliklərin Qərbin yenidən qurulmasına gətirə biləcəyi ilə bağlı iddiası nə dərəcədə realdır?
Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, həqiqətən də ABŞ-nin bu gün yürütdüyü siyasət kollektiv Qərb siyasətində müəyyən korrektələrin, dəyişikliklərin və transformasiyaların həyata keçirilməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, xüsusilə Ukrayna mövzusunda ABŞ ilə Avropa arasında ziddiyyətlər mövcuddur:
“Digər tərəfdən, Qrenlandiya, Kanada, Panama, Meksika və digər bölgələrdə ABŞ-nin artan geosiyasi maraqları dünya nizamının tamamilə başqa bir məcraya yönəlməsinə səbəb olur. Analitiklər və ekspertlər düşünür ki, qlobal güc balansı da müəyyən qədər dəyişir. Bu gün dünyada əsas güc mərkəzləri arasında balans pozulur, xüsusilə Avropa İttifaqının mühüm geosiyasi güc mərkəzi olmağı arxa plana keçir. Artan Çin gücü, ABŞ-nin artan geosiyasi və geoiqtisadi maraqları, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında olan ziddiyyətlər və davam edən Rusiya-Ukrayna müharibəsi ciddi suallar doğurur”.
Politoloq qeyd edib ki, bu baxımdan, ABŞ siyasətindəki dəyişikliklər və yeni ştrixlər Qərb siyasətində yenidən qurulmaya gətirib çıxarır:
“Burada xüsusilə respublikaçıların siyasətinə və Trampın vizyonuna uyğun Avropa liderləri meydana çıxır. Sağ mühafizəkar cərəyan dalğasında hakimiyyətə gələn qüvvələr ABŞ-nin maraqlarına xidmət edir və onunla daha sıx əməkdaşlıq edir. Lakin digər düşüncəni bölüşən liderlər artıq Trampın hədəf kütləsinə çevrilir. Bu siyasət Trampın birinci prezidentlik dövründə də müşahidə olunurdu, bu gün isə daha qabarıq, daha açıq və daha ziddiyyətli formada davam edir”.
Niyaz Hacıyev
Sfera.az