Ötən gün Bakının bəzi ərazilərində – xüsusilə Əhmədli və Yeni Günəşlidə qar örtüyü formalaşdığı halda, şəhərin digər hissələrində qar yalnız havada müşahidə olundu və yerə düşərkən əridi.
Maraqlıdır, bu fərqin əsas səbəbi nədir? Niyə eyni vaxtda Bakının bir hissəsində qar yerə düşüb örtük yaratdı, digər hissələrində isə qar yerə çatmadan əridi?
Suallarımızı cavablandıran meteroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Bakının mikroiqlimi olduqca mürəkkəbdir və şəhərin müxtəlif yerlərində eyni anda fərqli hava şəraitinin müşahidə olunması əslində gözləniləndir. O, Əhmədli və Yeni Günəşlidə qarın yerdə qalmasının, mərkəzi ərazilərdə isə dərhal əriməsinin səbəblərindən danışıb:
“Birinci səbəb relyefin hündürlük fərqidir və bu, ən əsas amildir. Bakı şəhəri amfiteatr formasında yerləşir və dəniz səviyyəsindən hündürlüyə doğru kəskin fərqlər yaranır. Yeni Günəşli, Əhmədli, Badamdar kimi ərazilər nisbətən yüksəklikdə – təxminən dəniz səviyyəsindən 100-200 metr hündürlükdə yerləşir, sahilyanı və mərkəzi küçələr isə dəniz səviyyəsində, hətta bəzi yerlərdə ondan aşağıda qalır. Atmosferdə hündürlüyə qalxdıqca temperatur hər 100 metrdə təxminən 0.6°C-1.0°C azalır və bu fərq qarın yerdə qalıb-qalmaması üçün kritik hədd sayılır. Yüksək ərazilərdə temperatur 0°C və ya daha aşağı olduğu üçün qar dənəcikləri quruluşunu qoruyur, mərkəzdə isə müsbət temperatur qarı yağışa və ya sulu qara çevirir”.
Meteroloq qeyd edib ki, ikinci səbəb şəhərin mikroiqlimi, yəni istilik effektidir:
“Şəhərin mərkəzi hissələrində bina sıxlığı, asfalt örtüyü, avtomobillərin çoxluğu və mərkəzi isitmə sistemləri əlavə istilik yaradır. Asfalt və beton gündüz topladığı istiliyi axşam geri verir və nəticədə mərkəzi ərazilərdə temperatur kənar qəsəbələrə nisbətən 2-3°C daha yüksək olur ki, bu da qarın yerə dəyən kimi əriməsinə səbəb olur. Üçüncü səbəb Xəzər dənizinin təsiridir: qış aylarında dəniz suyu qurudan daha isti olduğu üçün sahilə yaxın ərazilər dənizin yumşaldıcı təsiri altında qalır. Dənizdən uzaqlaşdıqca və yüksəklik artdıqca bu təsir zəifləyir və şaxtalı hava kütlələri daha təsirli olur. Dördüncü səbəb isə torpağın temperaturudur. Yeni Günəşli kimi ərazilərdə açıq sahələrin çoxluğu torpağın daha tez soyumasına şərait yaradır və donmuş torpaq üzərinə düşən qar ərimədən örtük yaradır, mərkəzdə isə isti asfalt və torpaq qar dənələrinin dərhal əriməsinə səbəb olur”.
Niyaz Hacıyev
Sfera.az