Ermənistan hökuməti Asiya İnkişaf Bankından (AİB) 150 milyon dollar məbləğində kredit cəlb etməyə hazırlaşır.


 


Sfera.az xəbər verir ki, bununla bağlı qərar cümə axşamı keçirilən hökumət kabinetinin iclasında qəbul olunub və AİB ilə “Fiskal Sabitlik və Maliyyə Bazarlarının İnkişafı Proqramı - Alt Proqram 3” üzrə kredit sazişi təsdiqlənib. Qərarın əsaslandırılmasında bildirilib ki, sözügedən kredit müqaviləsinin imzalanması Ermənistanın 2025-ci il üçün dövlət büdcəsi haqqında qanunun icrasının təmin olunması zərurəti ilə bağlıdır. Məlumata görə, Ermənistan hökuməti 2025-ci il üçün illik borclanma proqramı hazırlayıb.


 


Proqrama əsasən, beynəlxalq maliyyə institutlarından, o cümlədən Asiya İnkişaf Bankından cəlb ediləcək büdcə dəstəyi kreditlərinə ümumi ehtiyac təxminən 675 milyon dollar həcmində qiymətləndirilir. Bu çərçivədə Ermənistan Maliyyə Nazirliyi AİB-dən 150 milyon dollarlıq büdcə dəstəyi krediti almaq prosesinə start verib. Cəlb olunacaq vəsaitlər 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək. Kreditin şərtlərinə görə, vəsait 15 il müddətinə verilir, bunun 3 ili güzəşt dövrünü əhatə edir. Kredit üzrə üzən faiz dərəcəsi isə 4,66 faiz təşkil edir.


 


Qeyd edək ki, Ermənistan son illərdə də dövlət büdcəsində yaranan kəsiri kompensasiya etmək üçün ardıcıl şəkildə beynəlxalq maliyyə institutlarının kreditlərinə müraciət edib. Əvvəlki dövrlərdə cəlb olunan borcların böyük hissəsi də məhz büdcə dəstəyi və fiskal öhdəliklərin yerinə yetirilməsinə yönəldilib. Ekspertlər isə bu tendensiyanın ölkənin xarici borc yükünü daha da artırdığını bildirirlər.


 


Firuzə Əliyeva


Sfera.az