Son bir ildə “Bank BTB”nin kredit portfeli 1,6 faiz azalıb. İlk baxışdan cüzi görünən bu geriləmə əslində bankın ümumi fəaliyyətində müşahidə olunan daralmanın və struktur problemlərin açıq göstəricisidir.
Kredit portfeli hər bir bankın əsas gəlir və inkişaf mənbəyi hesab olunduğundan, bu sahədəki azalma təsadüfi hal kimi qiymətləndirilə bilməz.
Sfera.az xəbər verir ki, "Bank BTB" faktiki olaraq klassik kommersiya bankçılığı modelindən uzaqlaşıb. Bankın kredit siyasəti real sektorun maliyyələşdirilməsinə deyil, əsasən mövcud risklərin idarə edilməsinə yönəlib. Belə ki, kredit portfelinin əsas hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsi bankın yeni kreditləşmə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Uzunmüddətli və yüksək risk daşıyan ipoteka kreditləri portfeli “kilidləyib”, bankı biznes və istehlak kreditləri üzrə passiv mövqeyə salıb. Nəticədə iqtisadi aktivliyi dəstəkləyən klassik kommersiya kreditləri arxa plana keçib. Likvidlik uyğunsuzluğu problemi də bu prosesi daha da dərinləşdirir. Uzunmüddətli kreditlərin əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilməsi bank üçün əlavə risk yaradır. Bu vəziyyətdə bank yeni kreditlər verməkdə maraqlı görünmür, çünki hər yeni kredit likvidlik təzyiqini artırır. Beləliklə, kredit portfelinin böyüməsi yox, mövcud həcmin saxlanılması əsas məqsədə çevrilir.
Problemli kreditlərin artması isə bankın maliyyə resurslarını daxildən “əridir”. Gəlir gətirməyən kreditlər üçün ayrılan ehtiyatlar bankın sərbəst vəsaitlərini azaldır və yeni kreditlərə imkan vermir. Kapitalın Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərə çox yaxın olması da risk iştahını faktiki olaraq sıfırlayır və bankı daha ehtiyatlı davranmağa məcbur edir. Bütün bunlara "Bank BTB"nin rəqəmsal bankçılıq sahəsində bazardan geri qalması da əlavə olunur. Rəqəmsal kanallar üzərindən sürətli və əlçatan kredit məhsulları təqdim edən banklar müştəri cəlb etdiyi halda, "Bank BTB" bu rəqabətdə mövqelərini itirir. Müştəri axınının zəifləməsi isə kredit portfelində birbaşa öz əksini tapır. Nəticə etibarilə, kredit portfelindəki 1,6 faizlik azalma təsadüfi deyil. "Bank BT"B hazırda yeni kreditlər hesabına böyüməkdən çox, mövcud kreditləri və riskləri idarə etməyə fokuslanıb. Bu isə bankın inkişaf mərhələsindən çıxaraq tədricən müdafiə rejiminə keçdiyini göstərir.
Firuzə Əliyeva
Sfera.az