Dünən Çempionlar Liqasında keçirilən növbəti oyunda əldə etdiyi qələbədən sonra “Qarabağ” futbol komandasının xallarının sayı 10-na yüksəlib. Komanda bu qələbənin ardından turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.
“Qarabağ”ın növbəti mərhələyə adlaya bilməsi üçün ilk 24 komanda arasına düşməlidir. Komandanın qarşıda daha bir oyunu var.
Bəs hazırda “Qarabağ”ın növbəti mərhələyə çıxması üçün şansı nə qədərdir?
İdman eksperti Ağa Dadaşzadə Sfera.az-a açıqlamasında bildirib ki, Qarabağ ötən gün vacib, möcüzəvi qələbə qazandı. Onun sözlərinə görə, bu, sözün əsl mənasında bir möcüzə idi:
“Hazırda komanda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Lakin nəzərə almaq lazımdır ki, bizi izləyən 6 rəqiblə xal fərqi ciddi deyil. Əksinə, hazırda top fərqimiz mənfi ikidir. Vurduğumuz qollardan iki top artıq buraxmışıq və bu da əsas problemlərdən biri sayılır. Çünki UEFA-nın yeni reqlamentinə görə, yalnız bizim nəticələrimiz deyil, rəqiblərimizin oyunları da yekun sıralamaya birbaşa təsir göstərəcək. Əvvəlki oyunların nəticələri nəzərə alınacaq və sonda növbəti mərhələyə keçid bu göstəricilərə əsasən müəyyənləşəcək. Reqlament və qaydalar artıq bəllidir, geriyə sadəcə qələbə qazanmaq qalır”.
Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə Qarabağın növbəti mərhələyə keçmək şansı təxminən 50-60 faiz olaraq qiymətləndirilir:
“Lakin burada bir komandanın büdrəməsi belə çox şeyi dəyişə bilər. Əsas məqam ondan ibarətdir ki, Liverpulla oyunda komanda mütləq xal qazanmalıdır ki, növbəti mərhələ şansını daha da artırsın. Növbəti oyunda xal əldə etmək olduqca vacibdir, çünki Liverpul artıq mərhələni təmin edib. Digər rəqiblərimizin nəticələri də Qarabağın növbəti mərhələyə yüksəlmək şansına təsir göstərən əsas amillərdən biri olacaq”. Niyaz Hacıyev Sfera.az