Ürək-damar xəstəlikləri və infarkt həm dünyada, həm də Azərbaycanda ölüm səbəbləri arasında ilk yerlərdən birini tutur. Qidalanma üzrə tədqiqatçı və dietoloq, Kaliforniya Universitetinin dosenti Metyu Landri ürək sağlamlığını qorumağa və infarkt riskini azaltmağa kömək edən üç sadə dəyişiklik barədə açıqlama verib.
Sfera.az xəbər verir ki, Landri “Business Insider” nəşrinə danışarkən bildirib ki, ürək sağlamlığını yaxşılaşdırmaq üçün qidalanmanı kökündən dəyişməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, gündəlik həyat tərzində edilən kiçik dəyişikliklər belə uzunmüddətli dövrdə ciddi təsir göstərə bilər.
Mütəxəssis ilk növbədə yeməklərdə istifadə olunan yağlara diqqət yetirilməsini tövsiyə edib. O, kərə yağı və quyruq yağı kimi doymuş yağlar əvəzinə zeytun yağı və avokado yağı kimi ürək üçün faydalı yağlardan istifadə olunmasının vacibliyini vurğulayıb. Landri qeyd edib ki, doymuş yağlar LDL, yəni “pis xolesterin” səviyyəsini yüksəldir və bu da damarların tutulması riskini artırır.
İkinci tövsiyə qırmızı və emal olunmuş ət istehlakının azaldılması ilə bağlıdır. Landrinin sözlərinə görə, aparılan tədqiqatlar qırmızı ətin azaldılmasının ürək-damar xəstəlikləri riskini aşağı saldığını göstərir. O, 2023-cü ildə aparılan və eyni yumurta əkizləri üzərində keçirilən araşdırmaya istinad edərək, bitki əsaslı qidalanan şəxslərdə xolesterin və insulin səviyyələrinin daha aşağı olduğunu bildirib. Mütəxəssis ətin tamamilə rasiondan çıxarılmasının vacib olmadığını, lakin dana əti və sosis kimi məhsulların toyuq, hinduşka və ya balıqla əvəz edilməsinin daha sağlam seçim olduğunu deyib.
Landrinin üçüncü tövsiyəsi lifli qidaların artırılmasıdır. O bildirib ki, lif xolesterin səviyyələrinin balanslı qalmasında mühüm rol oynayır. Bununla belə, Qərb tipli qidalanan insanların böyük əksəriyyəti kifayət qədər lif qəbul etmir. ABŞ-nin 2020-2025-ci illər üzrə Qidalanma Təlimatlarına əsasən, qadınların 90 faizi, kişilərin isə 97 faizi gündəlik tövsiyə olunan lif normasını ödəmir.
Mütəxəssis gündə 2-4 porsiya tam taxıl, eləcə də lobya, mərcimək kimi bitki mənşəli zülal mənbələrinin qida rasionuna daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu sadə addımlar ürək sağlamlığını qorumağa və infarkt riskini azaltmağa əhəmiyyətli töhfə verə bilər.
Bəsti Rəfizadə
Sfera.az