10 il öncə YouTube üzərindən yayımlanan "Manpası" verilişində bir uşağın çıxışı izləyicilər tərəfindən geniş rəğbət qazanmış, müzakirələrə səbəb olmuş və izləyicilərdə gülüş doğurmuşdu.


 


Belə ki, buraxılışların birində "Amerika, yoxsa Rusiya?" sualına özünəməxsus şəkildə cavab verən məktəbli suala dərin yanaşması ilə əksər müsahiblərdən fərqlənmişdi.


 


Sfera.az-ın əməkdaşı 10 il sonra həmin məktəbli, daha doğrusu artıq savadlı gənclərimizdən olan Məhəmmədəli Əzimzadə ilə əlaqə saxlayıb. 


 


Görünən o oldu ki, bir zamanlar viral olmuş çıxışın müəllifi yolundan dönməyib. Belə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin Maliyyə ixtisasına qəbul olub və  universitet təhsilinin 4-cü kursunda Qafqazda yeganə olan Bloomberg Maliyyə Laboratoriyasında mentor maliyyə analitiki kimi fəaliyyət göstərib.


 


Hazırda biznes konsultant kimi fəaliyyət göstərən Məhəmmədəli müxtəlif şirkətlər üçün biznes planlarının hazırlanması, biznes proseslərinin optimallaşdırılması və strateji təhlillər üzrə işlərlə məşğuldur. O bildirib ki, gələcək karyerasını maliyyə mühəndisliyi istiqamətində qurmağı planlaşdırır. 


 


Bu dəfə biz ona "ABŞ, yoxsa Rusiya?" sualını ünvanladıq, siyasətə marağının olub-olmamasını soruşduq.


 


Müsahibimiz belə cavab verdi:


 


"Siyasət hər kəsin həyatına təsir edən bir sahə olduğu üçün onunla müəyyən dərəcədə hər kəs əlaqəlidir. Mən siyasətlə aktiv iştirakçı kimi deyil, daha çox müşahidəçi mövqeyindən maraqlanıram. İş fəaliyyətimlə əlaqəli olan bəzi siyasi mövzuları araşdırır və onların maliyyə sektoru və biznes mühitinə mümkün təsirlərini qiymətləndirirəm. Lakin politologiya sahəsi ilə dərin və sistemli şəkildə məşğul olmuram. Real yanaşsaq, “Amerika yoxsa Rusiya?” sualına qısa müddətdə konkret cavab vermək mümkün deyil. Bu sualın cavabı üçün hərtərəfli araşdırma aparmaq, ordu, kibertəhlükəsizlik, səhiyyə, hüquq sistemi və digər əsas sahələr üzrə arqumentləri müqayisə etmək lazımdır. Bu göstəricilər əsasında orta bir dəyər formalaşdıraraq hansı ölkənin daha güclü və ya daha böyük potensiala malik olduğunu müəyyən etmək olar". 




O, indikindən fərqli olaraq  “Amerika yoxsa Rusiya?” sualının 13 il əvvəl daha aktual olduğunu deyib: 


 


"Günümüzdə isə bu sualın “Amerika yoxsa Çin?” formasında qoyulması daha məqsədəuyğundur. Çünki hazırkı qlobal rəqabət mühitində ən aktual və əsas qarşıdurma məhz bu iki dövlət arasında müşahidə olunur".


 


Sözügedən verilişin hiperlinkini təqdim edirik. Qeyd edək ki, buraxılışın 8-ci dəqiqəsindən etibarən bəhs etdiyimiz çıxışı izləyə bilərsiniz:


 


Fidan Hacızadə


Sfera.az