Azərbaycan əhalisinin sayı 2025-ci ilin yanvar-noyabr ayları ərzində 34 min 812 nəfər və ya 0,3 faiz artaraq 10 milyon 259 min 701 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, ortaaylıq artımı nəzərə alsaq 12 ay ərzində əhalinin təbii artımının 38 min nəfər olacağını proqnozlaşdıra bilərik.
Əhali sayında artım dinamikası davam etsə də əvvəlki onilliklərlə müqayisədə təbii artım sayında ciddi azalmanın baş verdiyini görürük. Məsələn, 2011-ci ildə 122,3 min, 2016-cı ildə 103 min təbii artım qeydə alınmışdı. Amma son illərdə bu göstərici davamlı azalaraq 2024-cü ildə 43,4 min olub.
Belə görünür ki, 2025-ci ildə təbii artımla bağlı növbəti antirekord qeydə alınacaq.
Bəs təbii artımdakı azalma dinamikası nə qədər davam edəcək və Azərbaycanda təbii artımı təbii azalma əvəzləyəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən sosioloq Mail Yaqub proqnozlaşdırır ki, yaxın illərdə Azərbaycanda əhalinin sayının azalacağını müşahidə edə biləcəyik:
“Çünki ailələrdə bir-iki uşağa üstünlük verilir. Bundan artıq uşaq sahibi olmağa insanlar meyilli deyillər. Bunun da müxtəlif səbəbləri var. Birinci səbəb sosial səbəbdir, yəni maddi durum əsas gətirilir. İkinci səbəb isə həyata baxışdır. Yəni insanların həyata baxış standartı dəyişib. Ötən əsrin 60-70-ci illərində hər ananın təxminən 6-7 uşağı olurdusa, indi bu rəqəm Azərbaycanda 1,6-ya düşüb. Hər ananın uşaq sahibi olma statistikası 1,6-dır, yəni heç 2 də deyil”.
Mütəxəssis bu tendensiyanın davam edəcəyini də vurğulayıb:
“Bunu dayandırmaq üçün dövlət tədbirlər görməlidir. Yəni 3 uşaq və 3-dən çox uşağa görə xüsusi təşviqlər yaradılmalıdır. Elə böyük təşviqlər ki, insanlar buna həvəslə getsinlər. Yoxsa yüngül təşviqlərlə nəticə əldə etmək olmaz. Uşaq pullarının bərpası insanların sosial vəziyyətinə böyük kömək göstərə bilər. Amma təkcə bu deyil, başqa təbliğatlar da aparılmalıdır ki, heç olmasa imkanlı ailələr Azərbaycanda 3-4 uşaq sahibi olsunlar. Təəssüflər olsun ki, bu da yoxdur. İmkanlı ailələr də bunu istəmirlər”.
Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov da açıqlama verib. Onun fikirlərinə əsasən, hər bir ölkədə təbii artım o vaxt baş verir ki, insanların gələcəyə olan inamı yüksək olsun və insanlar ətraflarına baxıb bolluq görsünlər:
“Əgər artım yoxdursa, demək ki, insanların sosial təminatı onların istədiyi səviyyədə deyil. Yəni insanlar bu çətinliyi psixoloji xarici amil kimi qiymətləndirirlər. Ona görə də, əgər bu gedişat davam etsə, təbii artım daha da azalacaq.
Digər ölkələrlə müqayisədə bizim vəziyyətimiz dayanmış sayılır. Yəni vətəndaşlarımız bu çətinliyə tam hazır deyillər. Məsələn, Hindistanda görürsünüz ki, bir təbəqə insanlar varlıdır, bir təbəqə isə kasıbdır, amma buna baxmayaraq artım müşahidə olunur. Ona görə də, tam dayanmaq əvəzinə, artmağa çətinliklə olsa da, nail olmaq olar”.
Bəsti Rəfizadə
Sfera.az