“Vaşinqton yalnız güclü və məsuliyyətli müttəfiqlərlə əməkdaşlıqda maraqlıdır, buna görə də Avropa öz siyasətinə yenidən baxmalıdır”.
Bu fikri ABŞ Prezidenti Donald Tramp səsləndirib. Belə olduqda sual yaranır: Donald Tramp kimi müttəfiq olaraq görür?
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın həm siyasi xarakteri, həm də çətin praqnozlaşdırılan addımları onun mövqeyini müəyyən etməkdə çətinlik yaradır. Politoloqun sözlərinə görə, o, əsasən güclü və konkret olaraq ABŞ-ni dəstəkləyən liderləri müttəfiq hesab edir:
“Avropa ilə ziddiyət də buna görədir. Tramp konkret olaraq Avropanı özünə ram etmək istəyir. Tramp əslində təkqütblü dünya görmək istəyir ki, o qütbün başında da yeganə olaraq ABŞ dayansın. Hətta o, Çinə qarşı Rusiyanın da müttəfiqliyini arzu edir. Amma əvvəlki siyasilərin apardığı siyasət nəticəsində Rusiya Çinlə müttəfiq olmağa məcbur olub. Türkiyəni etibarlı müttəfiq saya bilər. Razılaşa bildiyi liderləri dostu, ölkələri də asanlıqla müttəfiq elan edə bilər”.
Müsahibimiz qeyd edib ki, Avropa ilə ABŞ arasında uçurum Tramp dönəmində dərinləşəcək ki, bu müəyyən mənada Rusiya üçün də əlverişlidir:
“Avropa asanlıqla Trampa ram olmaq istəmir. İstənilən halda ABŞ Avropanı müttəfiq kimi qəbul etmək üçün onun siyasətini dəyişməyə məcbur edəcək. Dünya üçün mümkün yeni planlarda Avropanın da müttəfiq kimi iştirakını təmin etmək naminə ABŞ səylərini davam etdirəcək”.
Niyaz Hacıyev
Sfera.az