ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və “Sülh Şurası” adlandırılan yeni beynəlxalq platforma qlobal siyasətdə diqqət mərkəzinə çevrilib. Tramp administrasiyası onlarla ölkəni bu təşəbbüsə qoşulmağa dəvət edib və artıq bir neçə dövlət şurada iştirak etməyə razılıq verib. Lakin siyahıda bəzi aparıcı güclərin olmaması diqqətdən qaçmır.
Maraqlıdır, dünya siyasətində hegemon və həlledici təsirə malik olan Rusiya və Çin niyə Trampın “Sülh Şurası”na qoşulmaqdan kənarda qalıb?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Xəqani Cəfərli ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan“Sülh Şurası”na BMT-də təmsil olunan bütün ölkələrin dəvət edilmədiyini qeyd edib:
“Çin və Rusiya, eləcə də Böyük Britaniya və Fransa veto hüquqna malik olduqları BMT Təhlükəsizlik Şurasına alternativ, ABŞ-nin əsas söz sahibi olduğu bir təsisatın yaranmasında maraqlı ola bilməzlər. Digər tərəfdən Trampın səlahiyyəti bitdikdən sonra ABŞ-nin bu platformanın davamlı olacağında maraqlı olacağı sual, hətta şübhə altındadır. Bu baxımından BMT Təhlükəsizlik Şurasının daimi üzvləri “Sülh Şurası”na ciddi maraq göstərmirlər”.
Ekspert BMT və Təhlükəsizlik Şurasının dünya nizamının tələblərinə cavab vermədiyin vurğulayıb:
“İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya düzəni dağıldığı üçün həmin düzənin ifadəsi olan BMT və onun Təhlükəsizlik Şurası yaranmaqda olan dünya nizamının tələblərinə cavab vermir. Buna görə də yeni təsisatlara ehtiyac yaranıb. Ancaq Trampın təklif etdiyi “Sülh Şurası” bu ehtiyacı qarşılamaq iqtidarında deyil. Bu platforma bir münaqişənin həlli üçün efektli ola bilər. Ancaq BMT-ni əvəz edəcək potensiala malik deyil. Buna görə böyük dövlətlər bu platformaya qoşulmayacaqlar. Yalnız Rusiyanın müəyyən razılaşmalar nəticəsində Trampın təşəbbüsündə yer alması mümkün ola bilər. Çünki Rusiya artıq dünya gücü deyil. Ukrayna da bataqlığa düşüb qalmış bir ölkədir. Bu bataqlıqdan çıxmaq müqabilində Trampın təşəbbüsünə qoşula bilər. Rusiya gözəl bilir ki, bu təşəbbüsün ömrü Trampın siyasi ömrü qədərdir”.
Qeyd edək ki, Trampın “Sülh Şurası”na qoşulan ölkələr aşağıdakılardır:
Argentina
Azərbaycan
Bəhreyn
Belarus
Ermənistan
Misir
Macarıstan
İndoneziya
İordaniya
Qazaxıstan
Kosovo
Mərakeş
Pakistan
Qətər
Səudiyyə Ərəbistanı
Türkiyə
Birləşmiş Ərəb Əmirlikləri
Özbəkistan
Vyetnam
Bəsti Rəfizadə
Sfera.az