Çin bu il həyata keçirməyi planlaşdırdığı “Chang’e-7” missiyası ilə Ayın cənub qütbündə birbaşa su nümunəsi götürən və ölçən ilk ölkə olmağı hədəfləyir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, kosmik aparatın “Shackleton” kraterinin kənarına yaxın bir nöqtəyə enərək buz axtarması gözlənilir.
Elm adamları, donmuş torpaqda və havasız mühitdə ilişib qalmış Ay suyunun Yer suyundan tamamilə fərqli davrandığını bildiriblər.
Harbin Texnologiya İnstitutu və Çin Elmlər Akademiyası mütəxəssisləri, bu unikal struktura malik buzu toplamanın onu ölçməkdən daha çətin olduğunu qeyd ediblər.
Araşdırmaya görə, kosmik aparatın robot qolunun torpağa təmas etməsi zamanı yaranacaq sürtünmə istiliyi su molekullarını boşalda bilər.
Mütəxəssislər, nümunə götürülməsi zamanı ən kiçik isinmənin belə qiymətli Ay buz nümunələrinin daimi itirilməsinə səbəb ola biləcəyini xəbərdarlıq ediblər.
“Chang’e-7” missiyası uğurla tamamlanarsa, Çin Ay tədqiqatında yeni bir mərhələyə qədəm qoyacaq.
Bəsti Rəfizadə
Sfera.az