İran yeni ballistik raketin sınağını həyata keçirib. Bildirilir ki, yeni raketin uçuş məsafəsi 10 min kilometrdir.
Xatırladaq ki, ABŞ bir müddət əvvəl İranla münasibətlərin normallaşması üçün rəsmi Tehranın əməl etməli olduğu dörd əsas şərti açıqlamışdı. Həmin şərtlərdən biri də İranın ballistik raket proqramı ilə bağlı idi. Vaşinqton İranın bu sahədə fəaliyyətini məhdudlaşdırmasını tələb etsə də, Tehran əksinə, ballistik raketlərin sayını azaltmaq əvəzinə onları artırır və daha uzun mənzilli, daha güclü raketlər istehsal edir.
Bəs bu davranış ABŞ və İsraillə İranın münasibətlərinə necə təsir edəcək?
Sfera.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Əli Mustafa bu məsələnin Amerika ilə İran arasında uzun müddətdir müzakirə olunduğunu deyib.
Politoloqun sözlərinə görə, ABŞ hesab edir ki, İran öz nüvə və raket proqramlarını dayandırmalıdır:
“İran isə əksinə, bu proqramları öz təhlükəsizliyini təmin etmək üçün zəruri sayır. Tehran açıq şəkildə bildirir ki, Amerikanın və İsrailin tələblərinə məhəl qoymur. İranın mövqeyinə görə, bu proqramlardan imtina etsə, daha tez hədəfə çevrilə bilər. Buna görə də rəsmi Tehran raket və nüvə fəaliyyətlərini müdafiə xarakterli proqram kimi baxır. Aydındır ki, son ballistik raket sınağı da məhz bu kontekstdə qiymətləndirilir. Bildirilir ki, raket İrandan buraxılaraq Rusiya ərazilərinə, Sibir istiqamətinə doğru 10 min kilometrə yaxın məsafə qət edib. Bu da o deməkdir ki, artıq İranın nüvə proqramı daha ciddi səviyyəyə gəlib çıxıb. ABŞ ya bu reallığı nəzərə alaraq geri çəkilməlidir, ya da əksinə, İranın nüvə və raket proqramlarını tamamilə sıradan çıxartmalıdır. Bu mərhələdə Vaşinqton üçün son dərəcə ciddi və çətin seçim yaranıb. Son raket atışı bir növ Amerikaya ünvanlanmış xəbərdarlıq kimi də dəyərləndirilir. Bununla İran həm təhdid edir, həm də bəyan edir ki, raketləri artıq ABŞ ərazilərinə qədər çata bilər".
Ə.Mustafa İran mümkün ABŞ hücumuna qarşı öz müdafiə imkanlarını Çin və Rusiyanın dəstəyi ilə daha da gücləndirdiyini söyləyib:
“Ümumilikdə belə qənaət formalaşır ki, İran Amerikanın hücum ehtimalını real hesab edir və buna qarşı həm çəkindirmə siyasəti aparır, həm də mümkün qarşıdurmaya hazırlaşır. Raket sınaqları bir tərəfdən ABŞ-ni çəkindirməyə xidmət edir, digər tərəfdən isə mümkün hücum halında cavab vermək üçün hazırlıq xarakteri daşıyır. Vəziyyət olduqca mürəkkəbdir və birmənalı proqnoz vermək çətindir. Əgər ABŞ bu mərhələdə geri çəkilərsə, İran dayanmayacaq və daha da güclənəcək. Daha çox ehtimal etmək olar ki, Amerika hücum edəcək, İran da bunun əvəzinə ABŞ-nin regiondakı bazalarına, müttəfiqlərinə və İsrailə ciddi zərbələr endirə bilər. Bütün hallarda son qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyi ehtimal olunur. Dəqiq proqnoz vermək çətin olsa da, böyük ehtimalla ABŞ İrana hücum etmək qərarını verəcək. Əks halda, Vaşinqton daha güclü və daha iddialı bir İranla üz-üzə qalacaq”.
Fidan Hacızadə
Sfera.az