2007-ci ildə çəkilmiş bir sənədli filmdən qalan qısa səhnə illər sonra sosial mediada milyonlarla insanın duyğularına toxunaraq qlobal trendlərdən birinə çevrildi. Söhbət Verner Herzoqun “Dünyanın Sonunda Görüşlər” sənədli filmində yer alan və bu gün “Nihilist Pinqvin” adı ilə tanınan görüntülərdən gedir.
Sfera.az bildirir ki, videoda bir Adeli pinqvini qida tapmaq üçün okeana doğru hərəkət edən koloniyadan ayrılaraq tam əks istiqamətə — həyat üçün əlverişsiz daxili və dağlıq ərazilərə doğru yeriyir. Herzoq bu səhnəni sənədli filmdə yolunu azmış pinqvin nümunəsi kimi təqdim edir və mütəxəssislər bu marşrutun pinqvin üçün demək olar ki, sağ qalma şansı olmadığını bildirirlər.
Lakin illər sonra görüntülər sosial mediada yenidən yayılanda mənası dəyişir. İzləyicilər pinqvini təkcə azmış bir heyvan kimi deyil, yorğunluq, daxili boşluq, məna axtarışı və hər şeyi geridə qoymaq istəyinin simvolu kimi şərh etməyə başlayırlar. Beləcə video “Nihilist Pinqvin” adlandırılır.
Paylaşımların altında tez-tez təkrarlanan “Bəs niyə?” sualı isə bu rezonansın əsasını açıq şəkildə ortaya qoyur. Sürüdən ayrılan pinqvin artıq müasir insanın “niyə işləyirəm?”, “hara gedirəm?”, “bütün bunların mənası nədir?” kimi suallarının metaforasına çevrilib. Sosial mediada bu iki söz tükənmişlik və daxili ayrılığın ortaq dili kimi yayılıb.
Mövzu hətta siyasi çalar da qazanıb. Ağ Evin rəsmi hesabında ABŞ prezidenti Donald Trampın pinqvinlə yanaşı gəzdiyini göstərən süni intellektlə yaradılmış video paylaşılıb. Arxa planda Qrenlandiyanı xatırladan buzlaqların yer alması Trampın keçmiş açıqlamalarına eyham kimi dəyərləndirilib.
Lakin video tezliklə istehza obyektinə çevrilib. İstifadəçilər pinqvinlərin Cənub yarımkürəsində yaşadığını xatırladıb, Qrenlandiyada pinqvin olmadığını vurğulayıblar. Xüsusilə danimarkalı istifadəçilər “Tramp pinqvinlər qədər Qrenlandiyaya məxsusdur” kimi ironik şərhlərlə reaksiyalarını bildiriblər.
Aynil