İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son görüş regional və qlobal siyasət baxımından diqqətlə izlənilib. Yaxın Şərqdə gərginliyin artdığı, xüsusilə İran ətrafında risklərin yüksəldiyi bir dövrdə keçirilən bu görüş tərəflərin mövqeləri ilə bağlı müxtəlif suallar doğurub. ABŞ mediasının yazdığına görə, Netanyahu görüş zamanı Trampı İrana qarşı açıq hərbi addımlar atmağa və ya müharibəyə başlamağa razı sala bilməyib. Bu məqam Vaşinqtonun İran siyasətində mümkün dəyişikliklər və ya daha ehtiyatlı yanaşma seçməsi ehtimalını gündəmə gətirib.
Bəs ABŞ İranla bağlı əvvəlki sərt mövqeyindən geri çəkilir, yoxsa Trampın bu məsələdə tərəddüd etməsinə səbəb olan başqa strateji, daxili siyasi və ya beynəlxalq amillər mövcuddur?
Politoloq Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, İranla müharibənin başlanması üçün sionist lobbinin Tramp üzərində ciddi təzyiqi var.
Onun sözlərinə görə, bu ilin noyabrında keçiriləcək aralıq seçkiləri Trampa qarşı təzyiq kartı kimi istifadə olunur:
“Təkcə sionist lobbi deyil, eyni zamanda Ukrayna, Avropa İttifaqı və Britaniya da öz maraqlarının təmin olunması üçün Trampa qarşı bu kartdan yararlanmağa çalışır. Ən güclü təzyiq imkanları isə bir qayda olaraq İsrail hökumətlərini formalaşdıran sionist lobbiyə aiddir. Xüsusilə AIPAC kimi yəhudi quruluşlarının ABŞ-də seçki prosesinə ciddi təsir imkanları var. Güclü maliyyə dayaqlarına malik olan bu təşkilatlar Konqres seçkilərində namizədlərin dəstəklənməsi və maliyyələşdirilməsi ilə effektiv fəaliyyət göstərir. Noyabrda 435 konqresmen və 100 senatorun üçdə biri yenidən seçiləcək. Respublikaçıların mümkün məğlubiyyəti Tramp üçün ciddi risklər yarada, hətta impiçment prosesini gündəmə gətirə bilər. Bununla yanaşı, respublikaçı düşərgədə bu lobbi ilə yaxınlığı olan siyasətçilərin mövcudluğu təhlükənin miqyasını artırır. Digər tərəfdən, MAGA hərəkatı və Amerikanın maraqlarını hər şeydən üstün tutan qüvvələr də güclüdür və Tramp bu çevrələr tərəfindən ciddi şəkildə dəstəklənir”.
Politoloq qeyd edib ki, digər tərəfdən ABŞ daxilində iqtisadi problemlər, inflyasiya və işsizlik mövcuddur, eyni zamanda müharibə əleyhdarı olan seçici kütləsi əvvəlki dövrlərlə müqayisədə xeyli artıb:
“Tramp isə bu problemləri həll edəcəyinə və yeni müharibələrə girməyəcəyinə söz verib. Əgər Tramp İrana zərbə endirməyə məcbur qalarsa, dünya neft ixracatının beşdə birinin daşındığı Hörmüz boğazının bağlanması ehtimalı yaranar ki, bu da qlobal neft qiymətlərinin kəskin artımına, ABŞ daxilində isə enerji qiymətlərinin yüksəlməsinə və inflyasiyanın güclənməsinə səbəb olar. Bundan əlavə, ABŞ donanması və Yaxın Şərqdəki hərbi bazalar İran tərəfindən hədəfə alına bilər. Bu amillər ictimai rəyi Trampa qarşı çevirə və respublikaçıların seçkidə məğlubiyyətinə yol aça bilər. Məhz buna görə Tramp bir tərəfdən İranla müharibədən yayınmağa, digər tərəfdən isə sionist lobbi ilə açıq qarşıdurmadan qaçmağa çalışır. O, hərbi güc nümayişi ilə İrana təzyiq göstərərək razılaşma əldə etmək niyyətindədir. Lakin Trampın irəli sürdüyü şərtlər əsasən İsrail hökumətinin tezislərinə əsaslandığı üçün anlaşmanı çətinləşdirir və bu da İsraili narahat edir. Nəticədə Netanyahu Trampla görüşərək onu müharibəyə razı salmağa çalışır. 12 günlük İran–İsrail qarşıdurmasında ABŞ-nin İrana endirdiyi zərbə də bu təzyiqlərin nəticəsi kimi dəyərləndirilir. Buna baxmayaraq, mövcud məntiq diplomatik kanalların ön plana çıxacağı və genişmiqyaslı müharibənin baş verməyəcəyi ehtimalını daha güclü göstərir”.
Niyaz Hacıyev
Sfera.az