"2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb".
Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
"Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir.
Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılmışdır (2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox).
Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir", - Baş nazir qeyd edib.
Firuzə Əliyeva
Sfera.az