Yaxın Şərqdə geosiyasi gərginliyin artması regionda siyasi və iqtisadi proseslərə də ciddi təsir göstərir. Xüsusilə ABŞ ilə İran arasında davam edən qarşıdurma yalnız təhlükəsizlik məsələlərini deyil, həm də enerji bazarlarını, ticarət əlaqələrini və regional əməkdaşlıq formatlarını gündəmə gətirir. Belə gərginliklər bəzi ölkələri yeni tərəfdaşlıqlar axtarmağa, alternativ iqtisadi marşrutlar və əməkdaşlıq modelləri formalaşdırmağa sövq edə bilər. Bu proses regionda yeni iqtisadi balansın yaranmasına da təsir göstərə bilər.




Belə bir şəraitdə ABŞ və İran arasındakı gərginlik regionda yeni iqtisadi blokların və ya əməkdaşlıqların yaranmasına səbəb ola bilərmi? 




Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə, İrana qarşı hərbi əməliyyatlar regionda hərbi-siyasi balansa mənfi təsir etdiyi kimi, beynəlxalq müstəvidə iqtisadi gərilməyə səbəb olur:


 





“Enerji bazarlarında hazırda müşahidə olunan qeyri-stabil vəziyyət, neft-qaz qiymətlərinin sürətli artım tempi istehlakçıları yekunda alternativ metodlar və yollar axtarmağa vadar edəcək. İlkin mənzərə ondan ibarətdir ki, İran ABŞ - İsrail koalisiyanın zərbələrinə qarşı adekvat cavab verməklə bir tərəfdən körfəz ölkələrinin enerji infrastrukturuna zərbə endirir, digər tərəfdən Hörmüz boğazını bağlamaqla enerji enerji bazarlarını təzyiq altında saxlayır. Məqsəd Birləşmiş Ştatları hərbi əməliyyatları sonlandırmağa məcbur etməkdir. Lakin bu addımların yekunda həlledici olacağı inandırıcı deyil. Hesab edirəm ki, rəsmi Vaşinqton müdaxilə edən zaman bu tip situasiyaların yaranma ehtimalını gözə almışdı”.




Siyasi şərhçinin fikrincə, mövcud proseslər əbədi deyil və tərəflər müəyyən müddətdən sonra mütləq şəkildə danışıqlar masasına əyləşəcəklər:




“Bundan sonra regionun iqtisadi arxitekturasında ciddi dəyişikliklərin olacağının şahidi olacıq. Körfəz ölkələri bir maşurtdan aslı olmağın dezavantajını təcrübədən çıxartdığı üçün mütləq şəkildə alternativ enerji və ticarət maşurtlarının yaradılması təşəbbüsləri ilə çıxış edəcəklər. Bir digər məsələ isə mövcud gərgin geoiqtisadi dinamika Transxəzər regionun əhəmiyyətini bir daha önə çəkir. Sözügedən regionun da enerji resursları kifayət qədərdir və Azərbaycanın mövcud enerji infrastrukturu sayəsində artıq etibarlı bir xətt var. Geriyə bu infrastrukturu şaxələndirmək və daşıma həcmini artırmaq dayanır. Düzdür bizim və Mərkəzi Asiyanın enerji ehtiyatları tamamilə körfəz ölkələrini əvəz edə biməz. Lakin böyük ölçüdə riskləri azaltmağa səbəb olar”.




Niyaz Hacıyev

Sfera.az