Almaniyanın müdafiə texnologiyaları şirkəti “SWARM Biotactics” tərəfindən hazırlanmış süni intellektlə idarə olunan kiber hamam böcəyi sürülərinin artıq NATO ölkələri tərəfindən kəşfiyyat missiyalarında istifadə olunmağa başlandığı bildirilib.


 


Sfera.az xəbər verir ki, şirkətin məlumatına görə, elmi-fantastik filmləri xatırladan proqramlaşdırıla bilən “kiber böcək” sistemləri ABŞ və Avropadakı əməliyyat mühitlərində uğurla sınaqdan keçirilib və hazırda NATO müştəriləri tərəfindən aktiv şəkildə tətbiq olunur. Ənənəvi pilotsuz sistemlərdən fərqli olaraq, bu biobotlar mexaniki hissələrlə fabriklərdə istehsal edilmir. Sistem təbii çoxalma yolu ilə artırılan canlı hamamböcəklər əsasında qurulub və bu, texnologiyanın miqyasını daha sürətlə genişləndirməyə imkan verir. Şirkətin baş icraçı direktoru Stefan Vilhelm bildirib ki, layihənin məqsədi fiziki zəkanı mühəndisliklə deyil, biologiya vasitəsilə inkişaf etdirmək və yeni texnoloji imkanlar yaratmaqdır. L


 


ayihədə əsasən “Madagascar hissing cockroach” növündən olan hamamböcəklərdən istifadə olunur. Onların üzərinə sensorlar, mini süni intellekt modulları və şifrəli rabitə sistemləri yerləşdirilən kiçik texnoloji qurğular quraşdırılıb. Sinir interfeyslərinə göndərilən aşağı gərginlikli elektrik siqnalları vasitəsilə yönləndirilən böcəklər xüsusi proqram təminatı ilə sürü halında koordinasiyalı şəkildə hərəkət edə bilir. Təxminən 3 qrama qədər texnoloji yük daşıya bilən bu canlı platformalar dronların və ya yerüstü robotların daxil ola bilmədiyi dağıntı sahələri, tunellər və dar məkanlarda real vaxt rejimində məlumat toplamaq üçün istifadə olunur. Aşağı səs və minimal vizual izə malik olan kiber böcəklərin xüsusilə gizli kəşfiyyat əməliyyatlarında diqqət çəkmədən fəaliyyət göstərməsi əsas üstünlüklərdən biri kimi qiymətləndirilib.


 


Məlumata görə, indiyədək təxminən 13 milyon avro investisiya cəlb edən “SWARM Biotactics” əldə olunan vəsaiti Almaniya və ABŞ bazarlarında fəaliyyətini genişləndirməyə yönəltməyi planlaşdırıb. Şirkət həmçinin bildirib ki, hərbi biyorobotika sahəsində qlobal rəqabət sürətlə artıb və bir çox ölkə bu istiqamətdə böyük investisiyalar edib.


 


Bəsti Rəfizadə


Sfera.az