Dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir və məhz şəhərlər bu çağırışların mərkəzində dayanır.


 


Sfera.az trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq zamanı deyib.


 


“Bu gün dünyada təxminən 300 milyon insan evsizdir, 1 milyarddan çox insan isə təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsil xidmətlərinə çıxışı olmayan qeyri-rəsmi məskənlərdə və ya gecəqondularda yaşayır. Onların bir çoxu yüksək riskli ərazilərdə yaşayır və iqlim dəyişikliklərinin nəticələri ilə ilk üzləşənlər də məhz onlardır”, – deyə o qeyd edib.


 


Onun sözlərinə görə, dünya əhalisinin demək olar ki, yarısı – təxminən 3 milyard insan – yararsız mənzil şəraitində yaşayır.


 


Proqnozlara əsasən, yaxın onilliklərdə daha 2 milyarda yaxın insan şəhərlərə köçəcək. Nəticədə, dünyada urbanizasiya səviyyəsi 70 faizə çatacaq ki, bu da xüsusilə Afrika və Cənub-Şərqi Asiya ölkələrində infrastruktura əlavə yük yaradacaq.


 


O vurğulayıb ki, təhlükəsiz və əlçatan mənzillə təminat BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının əsas şərtlərindən biridir.


 


“Bu gün əsas vəzifə artmaqda olan şəhər əhalisini təhlükəsiz və layiqli mənzillə təmin etməkdir”, – deyə Rossbax əlavə edib.