ABŞ-İsrail və İran arasındakı müharibə üçüncü həftəsinə qədəm qoyub. İsrail ordusu toqquşmaların ən azı üç həftə davam edəcəyini açıqlayıb. İrandakı hücumlar Dubay Hava Limanının bağlanmasına, Körfəzdə neft daşınmalarının pozulmasına və Hörmüz boğazında tankerlərin hərəkətinin dayandırılmasına səbəb olub. Bu hadisələr enerji qiymətlərinin yüksəlməsinə və inflyasiya narahatlıqlarının artmasına gətirib çıxarıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü podpolkovnik Nadav Şoşani İrana qarşı üç həftəlik döyüş planı hazırlandığını açıqlayıb.
Məqsəd İranın İsraili təhdid etmə qabiliyyətini zəiflətməkdir. O qeyd edib ki, İsrail ordusu xüsusilə ballistik raket infrastrukturunu və nüvə obyektlərini hədəf alıb.
İran ona qarşı hücumlara cavab olaraq PUA və ballistik raketlərlə zərbələr endirir.
İranın pilotsuz təyyarə hücumları Dubay Beynəlxalq Hava Limanını bir neçə saatlıq bağlayıb və qlobal bazarlar üçün vacib olan Füceyrə (Fujairah) limanında neft yükləmələri dayanmasına səbəb olub.
Hörmüz boğazında tankerlərin hərəkəti dayandırılıb. Neftin qiyməti 104 dolları keçib və enerji daşıyıcılarının bahalaşması inflyasiya təzyiqini artırıb.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaradılmasına çağırış edib. O, NATO ölkələrini xəbərdar edərək bildirib ki, dəstək verməsələr, ittifaqı “çox qaranlıq gələcək” gözləyir.
Mənsumə
Sfera.az