Türkiyəli şərhçi Haluk Özdil Yaxın Şərqdə baş verən hadisələrlə bağlı diqqətçəkən və narahatedici açıqlamalar səsləndirib.


 


Sfera.az xəbər verir ki, o, ABŞ-nin Prezidenti Donald Trampın müşaviri Devid Saksın açıqlamalarına istinad edərək regionda nüvə müharibəsi riskinin artdığını iddia edib.


 


“İsrail nüvə silahından istifadə edə bilər”


 


Haluk Özdilin sözlərinə görə, İranın İsrailə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar ciddi təzyiq yaradıb. O bildirib ki, müharibə uzandıqca İsrail "mövcudluğa təhdid" hiss edə və bu səbəbdən nüvə silahına əl ata bilər. Şərhçi bu iddianın eyni zamanda İsrailin nüvə silahına malik olması ilə bağlı müzakirələri də yenidən gündəmə gətirdiyini vurğulayıb. Onun fikrincə, mümkün nüvə zərbəsi yalnız İranla məhdudlaşmaya bilər.


 


Xüsusilə Təbriz və ətraf ərazilərin hədəfə çevrilməsi ehtimalı qeyd olunub. Bu isə coğrafi yaxınlığa görə Türkiyə üçün ciddi təhlükə yaradır. Özdil bildirib ki, belə bir ssenari zamanı radiasiya təsiri bütün regiona yayılacaq. Şərhçi vurğulayıb ki, nüvə zərbəsi böyük insan itkisinə səbəb ola bilər, radiasiya uzun illər regionda həyat üçün təhlükə yaradacaq, genişmiqyaslı köç dalğası baş verə bilər.


 


Onun sözlərinə görə, bu cür hadisə yalnız hərbi deyil, həm də humanitar və ekoloji fəlakət deməkdir. Haluk Özdil əlavə edib ki, vəziyyət daha da gərginləşərsə, böyük dövlətlər də münaqişəyə cəlb oluna bilər. Bu sırada ABŞ, Rusiya və Çin kimi güclərin adı çəkilir. Onun fikrincə, belə bir ssenari dünya müharibəsinə qədər gedib çıxa bilər.


 


"Təcili sülh danışıqları aparılmalıdır”


 


Sonda şərhçi tərəfləri danışıqlara çağırıb. O bildirib ki, müharibənin davam etməsi vəziyyəti daha da təhlükəli həddə çatdırır və qarşısı alınmasa, nəticələr ağır ola bilər.


 


Firuzə Əliyeva


Sfera.az