Avropa İttifaqı Orta Şərqdəki gərginliklər və enerji qiymətlərindəki artım səbəbilə Rusiyadan neft idxalını tam qadağan edən qanun layihəsini təxirə salıb. Qərar həmçinin üzv ölkələr arasında mövcud fikir ayrılıqları ilə əlaqələndirilib.
Sfera.az xəbər verir ki, Aİ Komissiyası, enerji strategiyasının bir hissəsi olaraq aprelin 15-də təqdim etməyi planlaşdırdığı təklifi qanunvericilik cədvəlindən çıxarıb. Beləliklə, ən gec 2027-ci ilin sonuna qədər Rus neftinin idxalını dayandırmağı nəzərdə tutan və uzun müddətdir gözlənilən tədbirin təqdimatı irəli bir tarixə keçirilib.
Aİ Komissiyasının mətbuat katibi Anna-Kaisa Itkonen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, qanun layihəsinin nə vaxt təqdim olunacağı barədə dəqiq tarix yoxdur. O, təklifi hazırlamaqdan imtina edilmədiyini və Rusiyadan enerji idxalına geri dönməyin keçmişdə edilən səhvin təkrarı olacağını vurğulayıb.
Qeyd olunub ki, Aİ daha əvvəl dəniz yolu ilə Rus neftinin idxalını qadağan etmişdi. Lakin bu sanksiyalar hər altı ayda bir üzv ölkələrin yekdil səsverməsi ilə yenilənir.
Macarıstan və Slovakiya isə hələ də Rusiyadan boru xətti ilə neft idxalına davam edir və bu ölkələr Rus enerji mənbələrinə sanksiya tətbiq edilməməsini tələb edir.
Bəsti Rəfizadə
Sfera.az