ABŞ ilə İran arasında davam edən gərginlik fonunda Amerika mətbuatında regiona böyük hərbi qüvvə göndəriləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilib ki, minlərlə ABŞ dəniz piyadası Yaxın Şərqə göndəriliəcək.
Sfera.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-yə məxsus 31-ci Dəniz Piyadaları Birliyinə daxil olan təxminən 2200 hərbçi 27 mart tarixində bölgəyə çatacaq. Hərbçilərin “USS Tripoli” və “USS New Orleans” gəmiləri ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olacağı qeyd olunub.
Eyni zamanda, “USS Boxer” gəmisində yerləşən 11-ci Dəniz Piyadaları Ekspedisiya Birliyinin də yaxın həftələrdə Yaxın Şərqə göndərilməsi planlaşdırılıb.
Maraqlıdır ki, 27 mart tarixi ABŞ Prezidenti Donald Trampın İrana Hörmüz boğazını açması üçün verdiyi möhlətin son gününə təsadüf edir. Tramp daha əvvəl İrana 48 saat vaxt versə də, sonradan bu müddəti 5 günə qədər uzadıb və tələbin yerinə yetirilməyəcəyi halda İranın enerji obyektlərinin hədəfə alınacağını bildirib.
ABŞ-nin regiona hərbi qüvvə toplaması Yaxın Şərqdə gərginliyin daha da artacağı ehtimallarını gücləndirib. Analitiklər hesab edir ki, yaxın günlərdə həm diplomatik, həm də hərbi proseslərin necə inkişaf edəcəyi diqqət mərkəzində olacaq.
Digər tərəfdən, “The New York Times” nəşri də ABŞ Müdafiə Nazirliyində bəzi rəsmilərin İranın Hark adasına mümkün hücum zamanı hava-desant qüvvələrinin istifadəsini müzakirə etdiyini iddia edib.
Bəsti Rəfizadə
Sfera.az