“Apple”ın yeni təqdim etdiyi “iPhone Air” modeli bazarda gözləniləndən daha böyük uğur qazanıb.
Sfera.az xəbər verir ki, Ookla tərəfindən yayımlanan mobil şəbəkə analizlərinə əsasən, bu model əvvəlki “Plus” seriyası ilə müqayisədə təxminən iki dəfə daha populyar olub.
Şirkətin bu il dördüncü “iPhone” modeli kimi təqdim etdiyi “Air”, istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. “Speedtest” platformasının kütləvi məlumatlarına görə, “iPhone Air” artıq 6,8% istifadə payına çatıb. Bu göstərici 3%-dən aşağı səviyyədə qalan “iPhone 16 Plus” modelini açıq fərqlə geridə qoyur.
Analitiklər bildirib ki, “iPhone Air”in yüksəlişi təkcə “Plus” modelinə deyil, həm də “Pro” seriyasına təsir edib. Belə ki, ötən il 34,9% olan “iPhone Pro” istifadə payı bu il 30,6%-ə qədər azalıb. Buna baxmayaraq, standart iPhone 17 və “Pro Max” modellərinin bazar payı əvvəlki səviyyələrə yaxın qalıb.
Yeni model qlobal bazarda da güclü nəticələr göstərir. Xüsusilə Cənubi Koreyada “iPhone Air” 11,2% bazar payına çataraq diqqət çəkib. ABŞ bazarında isə cihaz əsas rəqiblərindən biri olan “Samsung Galaxy S25 Edge” modelini satışlarda üç dəfə üstələyib.
Bəsti Rəfizadə
Sfera.az