NASA, Ay proqramında əsaslı dəyişiklik etdiyini açıqlayıb. Agentlik, Ay orbitində qurulması planlaşdırılan kosmik stansiya layihəsini dayandıraraq, bütün diqqətini və texnoloji imkanlarını birbaşa Ay səthində daimi bazanın yaradılmasına yönəldib.
Sfera.az xəbər verir ki, NASA rəhbəri Cared İsaakman bildirib ki, bu qərar resursların daha səmərəli istifadəsi üçün verilib. Artıq agentlik vaxtını orbitdə stansiya qurmağa deyil, birbaşa Ayın səthinə enərək orada insanlı kəşfiyyat üçün sabit mühit yaratmağa sərf edəcək.
Bu yeni yanaşmanın əsas məqsədləri orbitdən birbaşa səthə fokuslanmaq, Ayda uzunmüddətli yaşayış və elmi tədqiqat bazası qurmaq və səthdə qazanılan təcrübəni gələcəkdə Mars missiyaları üçün baza rolunda istifadə etməkdir.
Bu strateji dəyişikliyin fonunda, NASA “Artemis 2” missiyasını həyata keçirməyə tam hazırdır. Bu tarixi uçuş çərçivəsində dörd astronavt Ayın ətrafında səyahət edərək Yerə geri qayıdacaq. Bu, son 50 ildə insanlığın Ay ətrafına ilk uçuşu olacaq. Missiyanın ən erkən 1 Aprel tarixində başlaması gözlənilir.
Bu missiya həm də gələcəkdə Ay səthində qurulacaq daimi üs üçün vacib ekoloji və texniki məlumatların toplanmasına xidmət edəcək.
Bəsti Rəfizadə
Sfera.az