Bayram günlərində ağır və müxtəlif qidaların həddindən artıq qəbulu bir çox insanda həzm problemlərinə səbəb olub. Mütəxəssislər xəbərdarlıq edib ki, bayramdan sonra qidalanma rejiminin düzgün tənzimlənməsi sağlamlıq üçün olduqca vacibdir.
Sfera.az mütəxəssislərin fikirlərinə əsasən xəbər verir ki, ilk növbədə, qida qəbulunu tədricən normaya salmaq lazımdır. Birdən-birə az yeməyə keçmək əvəzinə, porsiyaları kiçiltmək və gün ərzində daha tez-tez, lakin az miqdarda qidalanmaq daha faydalıdır.
Həkimlər bildirib ki, yağlı və qızardılmış yeməklərdən bir müddət uzaq durmaq lazımdır. Onların əvəzinə qaynadılmış, buğda hazırlanmış və ya sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Xüsusilə tərəvəz, şorba və yüngül qidalar həzm sistemini rahatlaşdırır.
Su qəbulu da mühüm rol oynayır. Gün ərzində kifayət qədər su içmək orqanizmdən toksinlərin çıxarılmasına və həzmin yaxşılaşmasına kömək edir. Eyni zamanda qazlı və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur.
Mütəxəssislər qeyd edib ki, axşam saatlarında ağır yeməklərdən çəkinmək, yeməkdən sonra isə dərhal uzanmamaq vacibdir. Qısa gəzintilər həzmi sürətləndirə bilər.
Bundan əlavə, probiotiklərlə zəngin qidalar, qatıq, kefir kimi məhsullar bağırsaq fəaliyyətinin normallaşmasına kömək edir.
Qeyd olunub ki, əgər bayramdan sonra uzunmüddətli şişkinlik, ürəkbulanma və ya ağrı kimi problemlər davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.
Bəsti Rəfizadə
Sfera.az