ABŞ mətbuatında yer alan məlumatlara görə, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatları dayandırmamaq və təzyiqi artırmaq üçün çağırış edib.
Sfera.az xarici mediaya istinadən xəbər verirki, Vəliəhd şahzadənin mövcud gərginliyi Yaxın Şərqin geosiyasi xəritəsini yenidən formalaşdırmaq üçün mühüm bir fürsət kimi dəyərləndirdiyi bildirilib.
Fevralın 28-dən etibarən başlayan hərbi münaqişədə hələ ki, tərəflər arasında sülh istiqamətində real addım atılmayıb. Vaşinqton bəzi diplomatik təmasların baş tutduğunu iddia etsə də, Tehran tərəfi bu xəbərləri qəti şəkildə təkzib edir.
Regional gərginlik fonunda Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco, Hürmüz boğazında yaranan fasilələrlə bağlı riskləri sığortalamaq üçün alternativ yollardan istifadəyə başlayıb. Bu çərçivədə Yenbu Limanı vasitəsilə ixracat gücləndirilib. Son 5 gün ərzində bu marşrutla gündəlik orta hesabla 3,66 milyon barrel neft daşınıb.
"Bloomberg" agentliyinin məlumatına görə, Prezident Trampın İranın enerji infrastrukturuna planlaşdırdığı hücumları təxirə salması həm diplomatik manevrlər, həm də Körfəz ölkələrindən gələn ciddi xəbərdarlıqlarla bağlıdır.
Səudiyyə Ərəbistanı Vaşinqtona bəyan edib ki, əgər İran tərəfi krallığın enerji və su təminatı obyektlərini hədəf alarsa, Riyad İrana qarşı birbaşa hərbi zərbələr endirməyə tam hazırdır.
Bəsti Rəfizadə
Sfera.az