İtaliyanın cənubunda yerləşən Neapol bələdiyyəsi hepatit A hallarında müşahidə olunan kəskin artım səbəbindən təcili məhdudiyyətlər tətbiq edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdəki bütün dövlət müəssisələrində, o cümlədən restoranlarda çiy dəniz məhsullarının verilməsi və istehlakı tamamilə qadağan olunub.
Qərar Qarşısının Alınması Departamentinin hazırladığı hesabat əsasında verilib. Hesabata görə, hepatit A virusunun yayılması son 10 ilin orta göstəricisindən 10 dəfə, son 3 ilin orta göstəricisindən isə 41 dəfə çox qeydə alınıb.
Bələdiyyənin açıqladığı epidemioloji statistikaya əsasən, mart ayının ilk 19 günü ərzində Neapolda 43 hepatit A halı aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, fevral ayında bu göstərici 19, yanvarda isə cəmi 3 olub.
Sərəncam çərçivəsində bütün dövlət müəssisələrində və ictimai iaşə obyektlərində çiy dəniz məhsullarının təqdim olunması və istehlakı qadağan edilib. Yerli hakimiyyət orqanları vətəndaşlara ev şəraitində də bu cür məhsullardan uzaq durmağı, alış-veriş zamanı isə gigiyena və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Yeni qaydalara əməl etməyən obyektlər 2 min avrodan 20 min avroya qədər cərimələnəcək. Təkrar pozuntu hallarında isə müəssisələrin 1 gündən 30 günədək fəaliyyətinin dayandırılması mümkün olacaq.
Məhdudiyyətlərin nə vaxta qədər qüvvədə qalacağı hələlik məlum deyil. Bildirilib ki, yerli səhiyyə orqanları əlavə qiymətləndirmə aparacaq və yalnız yoluxma riskinin aradan qalxdığı təsdiqləndikdən sonra qadağa ləğv oluna bilər.
Mütəxəssislər hepatit A riskini azaltmaq üçün dəniz məhsullarının yaxşı bişirilməsini, tərəvəzlərin diqqətlə yuyulmasını və qida üçün təhlükəsiz dezinfeksiyaedici vasitələrdən istifadə edilməsini tövsiyə edirlər.
Fidan Hacızadə
Sfera.az