ABŞ-də aparılan yeni araşdırma ürək-damar xəstəliklərinin yalnız yaşlılıq dövrünə aid olması ilə bağlı geniş yayılmış fikri təkzib edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan tədqiqata görə, kişilərdə infarkt və insult kimi ciddi ürək-damar problemlərinin riski 35 yaşdan etibarən nəzərəçarpacaq dərəcədə yüksəlir.
Şimal-Qərb Tibb Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 18-30 yaş aralığında olan 5115 nəfər təxminən 30 il ərzində izlənilib. “CARDIA” verilənlər bazasına əsaslanan tədqiqat çərçivəsində iştirakçıların ilkin mərhələdə ürək-damar xəstəliyi olmadığı müəyyənləşdirilib, lakin onların qan təzyiqi, xolesterol səviyyəsi və digər risk faktorları uzunmüddətli şəkildə nəzarətdə saxlanılıb.
Araşdırmanın nəticələrinə görə, kişilər və qadınlar arasında ürək-damar xəstəliyi riski baxımından fərq təxminən 35 yaşdan sonra aydın şəkildə üzə çıxmağa başlayıb. Məlum olub ki, bu yaşdan etibarən kişilərin növbəti 10 il ərzində ürək-damar xəstəliyinə tutulma ehtimalı qadınlarla müqayisədə təxminən iki dəfə yüksəkdir.
Tədqiqat göstərib ki, 50 yaşına qədər kişilərin 4,7 faizində ürək-damar xəstəliyi qeydə alınıb. Qadınlarda isə bu göstərici 2,9 faiz səviyyəsində qalıb. Diqqətçəkən məqamlardan biri isə qadınların bu risk səviyyəsinə yalnız 57 yaşında çatması olub.
Mütəxəssislər kişilərdə riskin daha erkən artmasının əsas səbəblərindən biri kimi koronar arteriya xəstəliyinin daha geniş yayılmasını göstəriblər. Belə ki, 50 yaşına qədər kişilərin 2,5 faizi bu xəstəliklə üzləşdiyi halda, qadınlarda bu nisbət cəmi 0,9 faiz təşkil edib.
Bununla belə, insult riski hər iki cins üzrə 50 yaşa yaxın dövrdə təxminən oxşar səviyyədə qalıb. Ürək çatışmazlığı kimi digər ürək-damar problemlərinin isə daha çox sonrakı yaşlarda ortaya çıxdığı müəyyənləşdirilib. Araşdırmada vurğulanıb ki, 55 yaşlı kişilərin növbəti 10 ildə ürək hadisəsi yaşama ehtimalı qadınlarla müqayisədə yenə də təxminən iki dəfə çoxdur.
Tədqiqatda siqaret istifadəsi, yüksək qan təzyiqi və 2-ci tip diabet kimi mühüm risk faktorları da nəzərə alınıb. Buna baxmayaraq, kişilər və qadınlar arasındakı risk fərqinin əsasən dəyişməz qaldığı bildirilib.
Araşdırma müəllifləri ürək-damar xəstəliklərinin qəfil yaranan problem olmadığını, əksinə, gənc yaşlardan etibarən formalaşmağa başladığını vurğulayıblar. Onların fikrincə, xüsusilə 30 yaşdan sonra kişilər üçün müntəzəm tibbi müayinələr, erkən diaqnostika və sağlam həyat tərzi dəyişiklikləri həyati əhəmiyyət daşıyır.
Fidan Hacızadə
Sfera.az