“Türkiyə prinsip etibarilə Fars körfəzi bölgəsində davam edən münaqişədə iştirak etməyi düşünmür”.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan Türkiyənin əsas məqsədinin ölkəni bölgədəki təhlükəli proseslərdən uzaq saxlamaq olduğunu vurğulayıb.


 


“Ölkəmizi bu yanğın fırtınasından uzaq tutmaq əzmindəyik. Biz qətiyyən istəmirik ki, müharibə region ölkələri arasında dağıdıcı qarşıdurmaya çevrilsin”, -deyə Türkiyə lideri bildirib.


 


Ərdoğan qeyd edib ki, hazırda Ankara öz milli prioritetlərinə uyğun şəkildə suveren qərarlar qəbul edir və regional proseslərə emosional deyil, strateji yanaşır.

Türkiyə Prezidenti həmçinin diqqətə çatdırıb ki, müharibədə iştirak edən tərəflər başqa ölkələri də münaqişəyə cəlb etmək üçün müxtəlif taktikalardan istifadə edirlər. Onun sözlərinə görə, Ankara bu cəhdlərin fərqindədir və buna görə də ehtiyatlı, təmkinli və hesablanmış siyasət yürüdür.


 


“Türkiyə bu tələləri görür və çox diqqətli davranır”, – deyə Ərdoğan vurğulayıb.


 


Türkiyə liderinin bu açıqlaması Ankaranın Fars körfəzində gərginliyin daha da böyüməsini istəmədiyini və bölgədə genişmiqyaslı müharibə riskinə qarşı balanslı mövqe tutduğunu bir daha nümayiş etdirir.


 


Fidan Hacızadə

Sfera.az