İspaniyanın “Centro de Biología Molecular Severo Ochoa” (CBM, CSIC-UAM) tərəfindən aparılan yeni araşdırma mitoxondrial xəstəliklərin müalicəsi ilə bağlı ümidverici nəticələr ortaya qoyub.


 


Sfera.az bildirir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqat göstərib ki, mitoxondrial xəstəliyi olan siçanlarda bağırsaq mikrobiotası tərəfindən istehsal olunan və ümumi sağlamlıq üçün mühüm sayılan butirat molekulunun səviyyəsini bərpa etmək mümkündür.




Araşdırmaya görə, mitoxondrial xəstəliklər hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin genetik mutasiyalar səbəbindən düzgün işləməməsi nəticəsində yaranır. Bu pozuntu xüsusilə beyin, ürək və əzələlər kimi yüksək enerji sərf edən orqanlara təsir edir, nəticədə həddindən artıq yorğunluq, əzələ zəifliyi və vaxtından əvvəl qocalma kimi əlamətlər meydana çıxır.


Tədqiqatın aparıcı müəllifi Mariya Mittelbrunn bildirib ki, mitoxondriyanın funksiyası pozulduqda bağırsaq baryeri zəifləyir və bu da bağırsaq mikrobiotasında ciddi tarazlıq pozuntusuna səbəb olur. Onun sözlərinə görə, bu mikroorqanizmlər orqanizmi qorumaqda, zərərli maddələrin qan dövranına keçməsinin qarşısını almaqda mühüm rol oynayır.


 


Alimlər mitoxondrial funksiyası pozulmuş siçan modeli üzərində apardıqları müşahidələr zamanı müəyyən ediblər ki, bu heyvanlarda bağırsaq baryeri zəifləyib, faydalı bakteriyaların sayı azalıb və nəticədə bağırsaq, enerji mübadiləsi və immun sistem üçün vacib olan butiratın istehsalı kəskin şəkildə aşağı düşüb.


 


Təcrübə çərçivəsində tədqiqatçılar əvvəlcə sağlam bağırsaq mikrobiotasını xəstə siçanlara köçürüblər. Tədqiqatın müəlliflərindən biri Manuel Montero Qomez de las Heras bildirib ki, bu üsul butirat səviyyəsini artırıb və heyvanların ömür uzunluğunu əhəmiyyətli dərəcədə uzadıb.


 


Bundan sonra daha sadə yanaşma sınaqdan keçirilib. Alimlər siçanların qidalanmasına orqanizmdə butirata çevrilə bilən tributirin əlavə ediblər. Nəticədə çəki itkisinin ləngidiyi, əzələ gücünün artdığı, böyrək funksiyasının yaxşılaşdığı və ömür uzunluğunun artdığı müşahidə olunub.


 


Araşdırma həmçinin göstərib ki, butirat bağırsaq hüceyrələrinin fəaliyyətini dəyişdirərək bağırsaq baryerini gücləndirir və oksidləşdirici stressin yaratdığı hüceyrə zədələnməsini azaldır.


 


Alimlər hesab edirlər ki, mitoxondriya ilə bağırsaq mikrobiotası arasındakı əlaqənin daha dərindən öyrənilməsi hazırda sağalmaz hesab edilən mitoxondrial xəstəliklərin müalicəsində yeni strategiyaların hazırlanmasına yol aça bilər. Onların fikrincə, butirat kimi faydalı molekulların bərpasına yönəlmiş yanaşmalar gələcəkdə bu xəstəliklərlə mübarizədə mühüm rol oynaya bilər.


 


Fidan Hacızadə

Sfera.az