Dünya bazarında qızıl qiymətləri dolların zəifləməsi və neft qiymətlərinin düşməsi ilə 2%-dən çox artıb. Analitiklər bildirir ki, ABŞ-nin müharibəni sona çatdırmaq planına dair yayılan məlumatlar yüksək inflyasiya və qlobal faiz dərəcələrinin artımı ilə bağlı narahatlıqları azaldıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazır qızıl 2,1% artaraq unsiya başına 4.568,29 dollara yüksəlib. ABŞ-də Aprel ayı üçün qızıl fyuçersləri isə 3,8% artaraq 4.569,4 dollar səviyyəsinə çatıb.
Dolların zəifləməsi digər valyutaların sahibləri üçün qızılı daha sərfəli edib. Eyni zamanda hazır gümüş 3,8% artaraq unsiya başına 73,94 dollar səviyyəsinə yüksəlib.
Mütəxəssislər qiymətlərin gələcəkdə dolların vəziyyəti və neft bazarındakı dəyişikliklərə görə dəyişə biləcəyini bildiriblər.
Bəsti Rəfizadə
Sfera.az